Accessibility links

İlham Əliyev: "Vergiləri tam ödəməlidirlər... heç kimə arxalanmasınlar"


İlham Əliyev
İlham Əliyev

Kölgə iqtisadiyyatını yaradan amillər

“Hələ də uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayıldığı ilə qarşılaşırıq. Bu kimi halların qarşısının alınması olduqca vacibdir. Təkcə ona görə yox ki, bu, vergi yığımı üçün böyük potensialdır və büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, qanunauyğun fəaliyyət göstərən vergi ödəyicilərinin mənafeləri bu haqsız rəqabətə uduzmasın. Bu fəaliyyətin həm dövlət, həm vətəndaş üçün faydalı olmasının əsas şərti hər kəsin qanun qarşısında bərabər olmasıdır”. Bu barədə vergilər naziri Mikayıl Cabbarov oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarınahəsr olunan iclasındakı çıxışında “kölgə iqtisadiyyatdan” danışarkən bildirib.

Onun sözlərinə görə sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artdığı müəyyən edilib.

“Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergi ödəyiciləri tərəfindən dövriyyələrin “parçalanması”, müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir. Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır”, nazir qeyd edib.

"Vergi məbləğindən artıq ödəmələrin həcmi ilbəil artıb"

Mikayıl Cabbarov etiraf edib ki, vergi ödəyicilərinin fəaliyyətində uçot sisteminin zəifləməsində müəyyən qədər vergi orqanlarının da payı olub.

“Vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına yönəldilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətini itirməsi, vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin həcminin ilbəil artması, özəl biznesə qarşı qəbuledilməz metodların tətbiqi kimi xoşagəlməz halları qeyd etmək olar”.

Nazir qeyd edib ki, uzun müddət formalaşmış vergi ödəmə vərdişlərinin dəyişdirilməsi çətin, lakin həllini tələb edən prosesdir.

“Vergi administrasiyası bu istiqamətdə öz fəaliyyətinin vergi mühitinin şəffaf, bərabər, hamı üçün eyni və əvvəlcədən təxmin edilən prinsiplər əsasında qurulmasını davam etdirəcək”.

Onun szölərinə görə nazirlikvergi ödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötüb.

“Ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb. Bu dinamika şəffaflaşmanın erkən əlamətləri kimi qəbul edilə bilər. Vergi ödəyicilərinə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq üçün səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb”.

Vergi qanunvericiliyi təkmilləşdiriləcək

Nazir deyib ki, aparılan islahatların daha bir mühüm qolu vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlıdır.

“Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılmasını, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsini, vergitutma rejiminin təkmilləşdirilməsini və vergitutma bazasının genişləndirilməsini, inzibatçılığın və nəzarətin gücləndirilməsini, güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsini ehtiva edir”.

Sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi nəzərdə tutulur

Nazirin fikrincə sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergi ödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi yenilikləri də qeyd etmək vacibdir. Tapşırığınıza əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması islahatı hazırladığımız dəyişikliklər sırasında xüsusi yer tutur”.

"Vergi yükünün yüksək olması qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikası yaradır"

O hesab edir ki, bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir.

“Bu vəziyyət “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır.

İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur”, nazir qeyd edib.

İlham Əliyev: "Kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır"

Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev də bildirib ki, hökumətin əsas vəzifəsi kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır.

“Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər”.

İlham Əliyev bildirib ki, vergidən yayınmaya son qoyulmalıdır.

“Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”.

“Şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir"

Prezident hesab edir ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün praktiki addımlar atılır.

“Şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir”, İlham Əliyev qeyd edib.

XS
SM
MD
LG