Accessibility links

Yalçın İmanov Vəkillər Kollegiyasının qərarının ləğv edilməsini istəyir


Hüquqşünas Yalçın İmanov Azərbaycan Vəkillər Kollegiyasının onun barəsində çıxardığı qərarın ləğv edilməsini istəyir.

Bu barədə hüquqşünasın özü məlumat verib.

Y.İmanov 1 Saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. O, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarın ləğv edilməsini istəyir. Bu qərarla bağlı Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilməsindən ötrü məhkəməyə müraciət olunub. Həmin qərarla Y.İmanovun vəkillik fəaliyyəti də dayandırılıb.

Y.İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı Kollegiyanın məhkəməyə müraciətinə hələ tam baxılmayıb. Çünki o, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddia qaldırıb, ancaq həmin iddia icraata götürülməyib. İddianın icraata götürülməməsi iddianın müstəqil tələb olması ilə izah edilib.

"Məhkəmənin bu izahını nəzərə alaraq müstəqil tələblə 1 Saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət vermişəm. Hesab edirəm ki, vəkillik fəaliyyətimə xitam verilməsi üçün heç bir hüquqi əsas olmayıb", İmanov inzibati məhkəmədən Vəkillər Kollegiyasının barəsindəki qərarını ləğv etməsini istəyib.

Hüquqşünasın şikayəti icraata qəbul edilib. Şikayətlə bağlı ilk məhkəmə iclası oktyabrın 19-da 1 Saylı Bakı İnzibati-İqtisad Məhkəməsində keçiriləcək.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarla Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Səbəb kimi avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.

Yalçın İmanov Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun ona təqdim etdiyi yazılı izahatına və Qobustan həbsxanasında müvəkkilinin üzərində gördüyü xəsarətlərə əsaslanaraq mətbuata açıqlamasında onun işgəncəyə məruz qalmasından danışıb.

Beynəlxalq Vəkillər Assosiasiyası İnsan Hüquqları İnstitutu (IBAHRI) vəkilin kənarlaşdırılmasını pisləyib və hakimiyyəti onun hüquqlarını təmin etməyə çağırıb.

XS
SM
MD
LG