Accessibility links

NİDA-çı fəalın 'kars'a salındığı deyilir


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elgiz Qəhrəmanın saxlandığı 14 Saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (kars) salındığı bildirilir.

Bu barədə onun atası Camal Qəhrəmanov məlumat verib.

"Bizdə olan məlumata görə, Elgizə qarşı fiziki təzyiq olub. Özü ilə danışmaq imkanımız olmayıb. Sonuncu dəfə onunla oktyabrın 7-də görüşmüşdük, o zaman heç nə deməmişdi. Bu da xarakterindən irəli gəlir. Nə qədər problemi olsa da, bizi üzməmək üçün deyən deyi", C.Qəhrəmanov bildirib.

Qəhrəmanın üzv olduğu NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli deyib ki, 14 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi orada saxlanılan ictimai-siyasi fəalları incidir.

Penitensiar Xidmət isə məhkumların, o cümlədən E.Qəhrəmanın əsassız cəzalandırılması, döyülməsi barədə deyilənləri qəbul etmir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyib ki, daxili intizam qaydalarını pozan məhkumların cərimə təcridxanasına salınması qanuna uyğun qaydada həyata keçirilir.

"Adını çəkdiyiniz məhkum da bizim üçün sıradan bir məhkumdur. Əgər intizam qaydalarını pozursa, ona münasibətdə də qanuna uyğun davranılır. Bizim müəssisələrdə məhkum cərimə kamerasına salınmamışdan öncə onunla profilaktik iş, söhbət aparılır. Əgər əvvəlki mövqeyində israr edirsə, nəticə çıxarmırsa, o halda cərimə kamerasına keçirilir".

E.Qəhrəmanın 14 Saylı Cəzaçəkmə Müəssisəsində fiziki təzyiqlərə məruz qalmasına gəlincə, M.Sadıqov bildirir ki, Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə saxlanılan şəxslər döyülmür.

"Əgər məhkum çılğınlıq edib fiziki müqavimət göstərirsə, özünə, başqa bir məhkuma və ya müəssisənin əməkdaşına xəsarət yetirməyə çalışırsa, bu halda, əl qandalı, dəyənək kimi xüsusi vasitələrlə onun qarşısı alına bilər. Bu da qanuna uyğun şəkildə həyata keçirilir, mütləq aktlaşdırılır".

M.Sadıqov əlavə edir ki, əgər məhkum saxlandığı müəssisədə ona verilən cəzadan narazıdırsa, yuxarı instansiyaya, yaxud məhkəməyə şikayət edə bilər.

Elgiz Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. O vaxt gənc fəalın bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanaraq, vəkili ilə görüşə buraxılmadığı bildirilmişdi.

NİDA-çı gənc ötən il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ali Məhkəmədə Elgiz Qəhrəmanın cəzası 5 il 6 aydan 3 ilə endirilib.

XS
SM
MD
LG