Accessibility links

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri görüşüb


Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri görüşüb
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri görüşüb

İstanbulda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstanın xarici işlər naziri David Zalkaliani arasında üçtərəfli görüş keçirilib.

AZƏRTAC dövlət agentliyinin məlumatına görə, nazirlərin sayca yeddinci görüşü İstanbulun tarixi Dolmabaxça sarayında təşkil edilib.

Nazirlər görüşün yekunları ilə bağlı mətbuat konfransı keçiriblər.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, tərəflər birgə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyəti, gündəlikdə duran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıblar. Nazir diqqətə çatdırıb ki, Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir.

“Bir daha bəyan edirik ki, mövcud problemlərin sülh yolu, beynəlxalq hüquq çərçivəsində sərhəd toxunulmazlığı ilə həll olunmasının tərəfdarıyıq və bu məsələlərdə Türkiyənin mövqeyi dəyişməzdir”, o Azərbaycan və Gürcüstan ərazilərindəki münaqişələri işarə edərək bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində tutduğu ədalətli mövqeyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.

Azərbaycan, Türkiyə və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrindən danışan Məmmədyarov diqqətə çatdırıb ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi layihələr böyük bir coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani qeyd edib ki, tərəflər arasında keçirilən üçtərəfli görüşlər əməkdaşlıq əlaqələrinin inkişafını daha da sürətləndirir. Hər üç ölkə sülhə, sabitliyə, əməkdaşlığa və inkişafa xüsusi önəm verir.

Nazirlər ifadə ediblər ki, görüşdə regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların icra vəziyyəti müzakirə olunub.

Görüşün nəticəsinə dair İstanbul Bəyannaməsi imzalanıb.

XS
SM
MD
LG