Accessibility links

Azərbaycanın ATƏT qarşısında ifadə və media azadlığı üzrə öhdəlikləri müzakirə edilib


Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb

Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı ATƏT-in ifadə və media azadlığı üzrə öhdəlikləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər əsas danışıq mövzusu olub.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə mövcud əməkdaşlıq münasibətlərinin perspektivləri üzrə fikir mübadiləsi aparılıb və bu istiqamətdə atıla biləcək mümkün addımlar müzakirə olunub.

Hazırda həbsdə olan bloger Mehman Hüseynov qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edir
Hazırda həbsdə olan bloger Mehman Hüseynov qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edir

Tərəflər arasında, həmçinin yeni texnologiya vasitələrinin media və ifadə azadlığı üzrə inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanda media və ifadə azadlığı üzrə inkişafa toxunan nazir Elmar Məmmədyarov ölkə əhalisinin 80%-nin internet istifadəçisi olduğunu vurğulayıb.

Bununla yanaşı, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı hökumətin siyasətini tənqid edir. Yerli hüquq müdafiəçiləri yüz əlliyədək siyasi məhbus olduğunu bildirir. Amnesty İnternational təşkilatı Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsi də Azərbaycanda Avropa İnsan Hüquqları Konvensiyasının müxtəlif bəndlərinin, o cümlədən toplaşmaq, media, ədalətli məhkəmə araşdırması, azad seçki hüquqlarının pozulması ilə bağlı çoxsaylı qərarlar qəbul edib.

Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmır. Yüksək hökumət rəsmiləri bütün fundamental azadlıqların təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir. Rəsmi Bakı hüquq və azadlıqlaırn pozulması ilə bağlı tənqidləri bir qayda olaraq qərəzli adlandırır.

XS
SM
MD
LG