Accessibility links

İzabel Santos: Azərbaycanın tənqidi səsləri boğması parlament seçkilərinə mənfi təsir göstərir


İsabel Santos
İsabel Santos

Azərbaycan hökumətinin tənqidi səsləri boğması noyabrın 1-də keçiriləcək parlament seçkilərinə həddindən artıq mənfi təsir göstərir. Bu barədə ATƏT Parlament Assambleyasının demokratiya və insan hüquqları komitəsinin rəhbəri İzabel Santos bildirib.

“QHT rəhbəri Anar Məmmədov həbsxanadan seçkilərin monitorinqini apara bilmir, jurnalist Xədicə İsmayılova həbsdən yaza bilmir.

İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus və digər hüquq müdafiəçiləri və hökumətin tənqidçiləri Azərbaycanda siyasi məhbusa çevriliblər. Bu proses hələ də davam edir.

Parlament seçkiləri ərəfəsində, debatlar və ölkənin gələcək yolunun müəyyən edilməsi üçün tənqidi səslərin bu dərəcədə mühüm olduğu bir dövrdə Azərbaycan vətəndaşları ölkə hökumətinin tətbiq etdiyi səssizlikdən əziyyət çəkəcəklər”, Santos bildirib.

O həmçinin saxta ittihamla 7 il müddətinə həbs edilmiş İlqar Məmmədova həbsdə işgəncə verilməsi haqqında son məlumatlarla bağlı narahatlığını bildirib.

“Mən Azərbaycan liderlərini insan hüquqları və qanunun aliliyini ölkəyə qaytarmaq məqsədilə öz vətəndaşları və beynəlxalq ictimaiyyətlə açıq və ədalətli dialoq formasında əməkdaşlıq etməyə çağırıram”, Santos bildirib.

O həmçinin Azərbaycan hakimiyyətinin seçkilərin monitorinqi üçün ATƏT missiyasını bütünlüklə qəbul edəcəyinə və onların fəaliyyətini məhdudlaşdırmayacağına ümid etdiyini bildirib.

Bir müddət əvvəl hakimiyyətin ATƏT DTİHB-nin missiyasını məhdudlaşdırmaq qərarı ilə əlaqədar ATƏT PA rəhbərliyi Azərbaycanda seçkilərin monitorinqi missiyasını ləğv edib.

Öz növbəsində, Milli Məclisin deputatı Siyavuş Novruzov Trend agentliyinə İzabel Santosun parlament seçkiləri öncəsi Azərbaycandakı vəziyyət barədə bəyanatına münasibət bildirərkən deyib ki, həm ATƏT-in özü, həm də digər qurumları həmişə Azərbaycana qeyri-obyektiv yanaşıblar.

"Onların bugünkü mövqeləri də bizə bəllidir”.

S.Novruzov bildirib ki, ATƏT və onun qurumları dəfələrlə qeyri-demokratik seçkilər keçirən ölkələr haqqında çox yüksək fikir söyləyiblər, lakin Azərbaycanda keçirilən azad, ədalətli, demokratik seçkilər haqqında mənfi rəy yaratmağa çalışırlar.

“O cümlədən, ayrı-ayrı birtərəfli informasiya əsasında və yaxud hər hansı bir qeyri-hökumət təşkilatının yazdığı donosu nöqtəsini, vergülünü dəyişmədən ATƏT-in rəyi kimi təqdim edirlər. İndiki halda da bunların mövqeyi bizə bəllidir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG