Accessibility links

Siyasi qurumların liderləri Tofiq Yaqublunun azadlığa buraxılmasını zəruri hesab edir


Azəbaycanın 9 siyasi partiyasının, hərəkatının liderləri və politoloqlar prezident İlham Əliyevi məhkəmə hökmünə etiraz olaraq 12-ci gündür aclıq edən Tofiq Yaqublunun azadlığa buraxılmasına yardımçı olmağa çağırıb.

“Biz Tofiq Yaqublunun işini xüsusi nəzarətinizə götürməyə, onun işi ilə bağlı ən qısa zamanda apellyasiya məhkəməsi keçirilərək həbs qətimkan tədbirinin dəyişdirilməsinə çağırırıq,” siyasi qurum rəhbərlərinin və politoloqların prezidentə müraciətində deyilir.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

O hazırda aclığı davam etdirir. Yaqublu sentyabrın 12-də təcridxanadan mülki xəstəxanaya köçürülüb. Müstəqil həkim onu müayinə etdikdən sonra səhhətinin çox ağır olduğunu və hər an ölə biləcəyi ehtimalının yarandığını bildirib.

Liderlərin imzaladığı müraciətdə deyilir ki, məhkəmə qapalı şəraitdə keçirilib, Tofiq Yaqublunun və vəkillərinin heç bir vəsatəti nəzərə alınmayıb, istintaq məhkəməyə əsaslı sübut və dəlillər təqdim etməyib.

“Buna baxmayaraq, məhkəmə saxta şahidlərin ifadələri əsasında Tofiq Yaqubluya 4 il 3 ay azadlıqdan məhrumetmə cəzası verib. Odur ki, biz bu müraciəti imzalayan siyasi partiyalar və hərəkatlar elan edilmiş məhkəmə hökmünü ədalətli hesab etmir, onun əsaslandırılmadan və qanunsuz qəbul olunduğunu bəyan edirik.”

Siyasi partiya liderləri artıq Tofiq Yaqublunun həyatına təhlükə və risklərin artdığını bildirir.

“Bunu həyəcanla izləyən ictimaiyyət, eləcə də bizim rəhbərlik etdiyimiz siyasi partiyaların və hərəkatların üzvləri, politoloqlar sizin Tofiq Yaqublunun işinin ədalətlə həll edilməsi üçün müdaxilənizlə onun azadlığa buraxılmasını zəruri hesab edirik. Tofiq Yaqublu 1992-93-cü illərdə Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə ön cəbhədə vuruşub və şücaət göstərib. O həyatının bütün dövrlərində dövlətçiliyə və milli maraqlara sadiqliyi ilə seçilib,” sənəddə deyilir.

Siyasi qurumların liderləri və politoqlar hesab edir ki, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün məhkəmə və ədliyyə sistemində islahatların aparılmasına ehtiyac getdikcə artır.

“Biz siyasi partiyalar olaraq bu sahədə islahatların aparılması prosesinə töhfə verməyə hazırıq,” müraciətdə qeyd edilir.

XS
SM
MD
LG