Accessibility links

Siyasi sistemin yeni konfiqurasiyası və dialoq mühiti – fərqli mövqelər


Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri ölkədə siyasi sistemin yeni konfiqurasiyasının və dialoq mühitinin formalaşmaqda olduğunu bildirib. Bu fikirlərə siyasi partiya rəhbərlərinin və ekspertin mövqeləri arasında kəskin fərqlər mövcuddur.

Amerikanın Səsi ölkədə iqtidar-müxalifət dialoqunun mövcud olub-olmaması ilə bağlı siyasi partiya rəhbərlərinin və siyasi ekspertin fikirlərini təqdim edir.

Ədalət Vəliyev
Ədalət Vəliyev

Ədalət Vəliyev: Siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır

“Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılması ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəlir”.

Ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb.
Ədalət Vəliyev, Prezident Administrasiyasının şöbə müdiri

Bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

O bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır.

“Bu da iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir,” o qeyd edib.

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Fuad Qəhrəmanlı: Hansı milli məsələ müzakirə edilərək razılıq əldə edilib?

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı yazıb ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev iqtidarla müxalifət arasında milli maraqlar naminə indiyə qədər misli görünməmiş yaxınlaşma olduğunu bildirib.

Demokratik seçkilər, siyasi məhbuslar, gələcəkdə sərbəst toplaşma azadlığına qoyulmuş qadağanın götürülməsi, karantin dövründə əhaliyə yardımların olunması, kommunal xərclərin dövlət hesabına ödənilməsi, uşaq pulunun verilməsi, korrupsiyaya qarşı mübarizə və sistem islahatları və s. məsələlər barədə razılaşma və fikir birliyi əldə olunmayıbsa, o zaman, bu yaxınlaşma nəyi ehtiva edir?
Fuad Qəhrəmanlı, AXCP rəsmisi

O hansı milli məsələlərdir ki, onlarla bağlı hakimiyyət və müxalifət arasında müzakirə keçirilib və razılaşma əldə olunub? Demokratik seçkilər, siyasi məhbuslar, gələcəkdə sərbəst toplaşma azadlığına qoyulmuş qadağanın götürülməsi, karantin dövründə əhaliyə yardımların olunması, kommunal xərclərin dövlət hesabına ödənilməsi, uşaq pulunun verilməsi, korrupsiyaya qarşı mübarizə və sistem islahatları və s. məsələlər barədə razılaşma və fikir birliyi əldə olunmayıbsa, o zaman, bu yaxınlaşma nəyi ehtiva edir? Buyursunlar həm hakimiyyət, həm də şöbə müdiri ilə görüşən partiya sədrləri cəmiyyətə məlumat versinlər. Verə bilərlərmi? Yox. Niyə? Çünki hakimiyyət saydığımız məsələlərdə öz murtəce mövqeyindən geri çəkilmək niyyətində deyil. Digər tərəfdən, bu görüşə çağırılanlar da elə prinsipial müxalifət mövqeyində deyillər ki, onlar iqtidarın qarşısında tələb irəli sürə bilsinlər. Əksinə, onlar Ədalət Vəliyevlə görüşməyi şərəf bilib, şöbə müdiri ilə kontakt qurmağı özləri üçün imtiyaz, hansısa özəl işlərini aşırmaq üçün imkam kimi dəyərələndirən şəxslərdir,” o qeyd edib.

Qəhrəmanlı həmçinin sual edir ki, əgər Ədalət Vəliyevin görüşünə tələsə-tələsə, ən yaxşı kostuyumunu geyinib, belə bir istidə qalstuk taxıb, sevinərək gedən bu adamlar müxalifətdirsə, bəs onda AXCP, Milli Şura, Rifah və Demokratiya Hərəkatı, Haqq və Ədalət partiyası nədir? Məgər müxalifət Milli Məclisin deputatı təyin olunmaqdır ki, onu da iqtidar öz siyahısı əsasında müəyyənləşdirsin?

“Onların bu yolla müəyyənləşdirdikləri, “müxalifət” cəmiyyətin nəzərində, elə o qaydada təyin etdikləri deputatlardan heç nə ilə fərqlənmir.
Bunu iqtidar anlamasa da olar, əsas odur ki, xalq fərqi gözəl bilir,” AXCP rəsmisi deyib.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Sülhəddin Əkbər: Yaxın perspektivdə atılmalı olan addımlar haqqında açıq fikir mübadiləsi apardıq

Bu il aprelin 24-də Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Demokratiya, insan haqları, siyasi azadlıqlar, siyasi məhbuslar, iqtidar-müxalifət münasibətləri, daxili siyasi münasibətlərin normallaşdırılması sahəsində atılan və yaxın perspektivdə atılmalı olan addımlar haqqında geniş və açıq fikir mübadiləsi apardıq.
Sülhəddin Əkbər, partiya sədri

Sülhəddin Əkbər mətbuat üçün açqlamasında bildirib ki, görüşdə milli dövlətçilik tarixinə, Azərbaycan Xalq Cümhuriyyətinə və qurucularına, eyni zamanda dövlət müstəqilliyinin bərpasına və bərpaçılara – istiqlalçı millət vəkillərinə münasibət, demokratiya, insan haqları, siyasi azadlıqlar, siyasi məhbuslar, iqtidar-müxalifət münasibətləri, daxili siyasi münasibətlərin normallaşdırılması sahəsində atılan və yaxın perspektivdə atılmalı olan addımlar haqqında geniş və açıq fikir mübadiləsi aparılıb.

Tərəflər hakimiyətin təşəbbüsü ilə başladılan siyasi dialoqun, bu istiqamətdə atılan ilkin addımların müsbət qiymətləndirməsi, eyni zamanda onun davamlı və dayanıqlı olmasının önəmli olması məsələsində həmfikir olduqlarını bildirib.

Azad Demokratlar Partiyası 2014-cü ilin 6 iyulunda təsis edilsə də 2020-ci ilin aprelində dövlət qeydiyyatına alınıb.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli: Təəssüf ki, hələ ciddi qərarların verilməsi yubadılır

Bu il iyulun 1-də ReAL Partiyasının sədri İlqar Məmmədovun Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə növbəti görüşü olub.

İctimai-siyasi əhəmiyyət daşıyan məsələlərə dair faydalı fikir mübadiləsi etdik. Prezident İlham Əliyevin siyasi dialoq təşəbbüsünün vacibliyini bir daha qeyd etdik.
İlqar Məmmədov, partiya sədri

“İctimai-siyasi əhəmiyyət daşıyan məsələlərə dair faydalı fikir mübadiləsi etdik. Prezident İlham Əliyevin siyasi dialoq təşəbbüsünün vacibliyini bir daha qeyd etdik. Ayrıca, Respublikaçı Alternativ partiyasının qeydiyyatla bağlı üzləşdiyi çətinliyi diqqətə çatdırdım. Cənab Vəliyev bildirdi ki, pandemiya şəraiti səbəbilə təsis qurultayının adi qaydada keçirilməsi mümkün olmadığı dövrdə videokonfrans rejimində keçirilən təsis qurultayını da dövlət qeydiyyat üçün əsas kimi götürə bilər. Beləlikə, ReAL Partiyasının təsis qurultayını videokonfrans rejimində keçirib tezliklə qeydiyyat üçün müraciət edəcəyik,” Məmmədov Facebook səhifəsində qeyd edib.

ReAl Partiyasının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, iqtidarın ReAL Partiyasının sədri ilə altı görüşü olub.

ReAL Partiyasının rəhbəri İlqar Məmmədovla altı dəfə görüş olub. Görüşlərin hamısında ölkənin iqtisadi-siyasi, sosial həyatına təsir edən bir sıra məsələlər müzakirə olunub.
Natiq Cəfərli, ReAL Partiyasının icra katibi

“Hazırda iqtidarla müxalifət arasında müəyyən təmaslar var. Bu təmaslar nəticəsində cəmiyyəti maraqlandıran məsələlərin müzakirəsi gedir. ReAL Partiyasının rəhbəri İlqar Məmmədovla altı dəfə görüş olub. Görüşlərin hamısında ölkənin iqtisadi-siyasi, sosial həyatına təsir edən bir sıra məsələlər müzakirə olunub. Bu müzakirələrin nəticəsində pozitiv dinamika yaranıb. Təəssüf ki, hələ ciddi qərarların verilməsi yubadılır. Çünki buna iqtidar tərəfindən atılası addımlardır. Amma azından bu müzakirələrin, təmasların olması iqtidarla müxalifət münasibətlərinin yeni bir müstəviyə keçməsi üçün son illərdəki qarşılıqlı aqressiv münasibətlərdən, aqressiv ritorikdan dialoq formatlına, yəni danışıqlar masası arxasında, yəni danışıqlar-dialoq ortamında ümumi problemlərin müzakirəsi üçün bir fürsət açılıb. Təəssüf ki, hələ bizim gözlədiyimiz böyük nəticələr (qısa zaman ərzində ola bilər ki, bunun gözləntisi də normal deyil) əldə edilməyib. Amma, ən azından iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə keçməsi üçün bir fürsət və şərait yaradılıb. Yəni, bu münasibətlər, bu təmaslar gələcəkdə ölkədaxili problemlərin həllində mühüm rol oynayacaqsa, bu təşəbbüslər dəstəklənməli və davamlı şəkildə təmaslar olmalıdır. Amma, bu təmalsar, görüşlər, dialoq da daimi davam edən bir proses ola bilməz. Ortada nəticələr olmalıdır. Biz ümid edirik ki, yaxın zamanlarda bunun real nəticələrini bütün cəmiyyət görəcək. Əgər bu baş verərsə iqtidar-müxalifət münasibətlərinin, dialoqunun növbəti mərhələyə keçidini qeyd edə bilərik. Hələlik təmaslar davam edir. Bu təmaslar nəticəsində məsələlər həll olunacaqsa ölkənin xeyrinə olacaq,” Cəfərli Amerikanın Səsinə bildirib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: İndiki proses iqtidar-müxalifət dialoquna mane olan prosesdir

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, rəhbərlik etdiyi partiya ölkədə sivil siyasi münasibətlərin formalaşması, iqtidar-müxalifət dialoqunun tərəfdarıdır.

Əgər hakimiyyətin doğrudan da siyasi müxalifətlə müzakirələr aparmaq niyyəti var idisə, bu parlament seçkilərindən sonra yox, əvvəl edilməli idi. Eyni zamanda ayrı-ayrı partiyaların cari problemlərinin və ya partiya rəhbərlərinin şəxsi problemlərinin müzakirəsi siyasi dialoq adlana bilməz.
Arif Hacılı, partiya sədri

“Təəssüf ki, sonradan dialoq adlandırılan bu proses daha çox imitasiya xarakteri daşıyır. Əgər hakimiyyətin doğrudan da siyasi müxalifətlə müzakirələr aparmaq niyyəti var idisə, bu parlament seçkilərindən sonra yox, əvvəl edilməli idi. Eyni zamanda ayrı-ayrı partiyaların cari problemlərinin və ya partiya rəhbərlərinin şəxsi problemlərinin müzakirəsi siyasi dialoq adlana bilməz. Hakimiyyətin ya qəsdən, ya da qeyri-peşəkar davranışları nəticəsində ölkənin əsas müxalifət partiyaları bu prosesdə iştirak etmir. İndiki məqamda iqtidarla gerçək müxalifət arasında müzakirə olunacaq bir çox ciddi məsələlər var. İndiki proses isə iqtidar-müxalifət dialoqu olmamaqla yanaşı, həm də gerçək bir dialoqun təşkil olunmasınının qarşısını alan, buna mane olan prosesdir,” Müsavat Partiyasının başqanı Amerikanın Səsinə bildirib.

Tural Abbaslı
Tural Abbaslı

Tural Abbaslı: Dialoq və ünsiyyət mövcuddur

AĞ Partiyasının sədri Tural Abbaslı iyulun 1-də Ədalət Vəliyevlə görüşüb. Onun rəhbərlik etdiyi partiya bu il iyunun 22-də dövlət qeydiyyatına alınıb.

Tural Abbaslı Amerikanın Səsinə bildirib ki, son zamanlar iqtidarın müxalifət partiyaları istiqamətində atdığı addımlar inkar oluna bilməz.

AĞ Partiya olaraq biz bu cəhdləri və gedişləri pozitiv dəyərləndiririk. Bunun kampaniya xarakterli deyil, ardıcıl və köklü islahatların başlanğıcı olmasını arzu edirik.
Tural Abbaslı, partiya sədri

“İstər Siyasi Partiyalar və Qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri iləgörüşü olsun, istərsə də, partiyaların uzun illərdən bəri qalan qeydiyyat məsələlərinin həll edilməsi və bu qisimdə atılan bəzi addımları buna misal göstərmək olar. Doğrudur, bu addımların kifayət olmaması da fakt olaraq qalır. Ancaq iqtidarın bu istiqamətdə hansısa cəhdlərinin və iradəsinin göstəricisidir. AĞ Partiya olaraq biz bu cəhdləri və gedişləri pozitiv dəyərləndiririk. Bunun kampaniya xarakterli deyil, ardıcıl və köklü islahatların başlanğıcı olmasını arzu edirik. Əgər bu gün ölkə prezidentinin dilindən islahatlar, dialoq, yeni siyasi münasibətlərin formalaşması kimi ifadələr səslənirsə, bu artıq hansısa prosesin getdiyinin elanıdır. Bizim də hələlik buna inanmamağımız üçün xüsusi əsaslar yoxdur. AĞ Partiya olaraq bu fikirdəyik ki, siyasi münasibətlər sistemi yenilənməli və daha sivil, demokratik münasibətlər qurulmalıdır. O da etiraf edilməlidir ki, yeni təşkil olunmuş şöbənin fəaliyyəti sələflərindən həm mahiyyətcə, həm də keyfiyyətcə müsbət mənada fərqlənir. Hər halda, indiki mərhələyə qədər olan fəaliyyəti təqdir edirik, amma bundan sonrakı zamanda nələrin olacağını isə indidən demək tezdir. Əgər, iqtidar bəyan etdiyi islahatları səmimi şəkildə həyata keçirəcəksə, bundan qazanan ancaq Azərbaycan və Azərbaycan dövlətçiliyi olacaq. Hazırda iqtidarla müxalifət arasında dialoq varmı sualınıza cavabımda isə deyə bilərəm ki, belə bir dialoq və ünsiyyət mövcuddur. Ancaq, yenə də qeyd edirəm ki, ünsiyyətin mövcudluğu hələ konkret olaraq nələrinsə varlığına dəlalət etmir. Proseslərin hansı istiqamətdə və necə davam edəcəyini isə zaman göstərəcək. Hər halda, AĞ Partiya olaraq biz inkişafın, islahatın və demokratikləşmənin tərəfdarıyıq,” AĞ Parrtiyasının sədri Amerikanın Səsinə deyib.

Akif Qurbanov
Akif Qurbanov

Akif Qurbanov: Hökumətin real müxalifətlə dialoq aparmaq istəyi yoxdur

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, siyasi islahatların yeni mərhələsi neçə illərdir bitib-qurtarmır.

Akif Qurbanov: Hökumətin real müxalifətlə dialoq aparmaq istəyi yoxdur
please wait

No media source currently available

0:00 0:09:42 0:00
2013-cü ildə siyasi partiyalarla hansısa danışıqlar prosesi başlamışdı. Sonra siyasi partiyalar hansı repressiyalara məruz qaldı. Bunun da şahidi olduq. Onun ardınca vətəndaş cəmiyyətinə qarşı, bununla paralel media nümayəndələrinə qarşı hərəkətləri qeyd edə bilərik. Həmçinin, siyasi məhbus mövzusu qabarmağa başladı.
Akif Qurbanov, ekspert

“Biz bunun nəinki Prezident Adminsitrasiyasının rəsmisi, prezident tərəfindən də səsləndirilməsinin şahidi olmuşuq. Xüsusilə 2010-cu il parlament seçkilərindən sonra belə fikirləri dəfələrlə deyiblər. Hətta “Siyasi Partiyalar haqqında” qanuna dəyişikliklər baş verdikdə də belə mərhələnin başlandığını ifadə etdilər ki, qanunvericilik dəyişir, siyasi partiyaların maliyyələşdirilməsi başlayacaq, yeni münasibətlər qurulur. Həmin yeni münasibətlərin hansı formada davam etdiyini də gördük. 2013-cü ildə siyasi partiyalarla hansısa danışıqlar prosesi başlamışdı. Sonra siyasi partiyalar hansı repressiyalara məruz qaldı. Bunun da şahidi olduq. Onun ardınca vətəndaş cəmiyyətinə qarşı, bununla paralel media nümayəndələrinə qarşı hərəkətləri qeyd edə bilərik. Həmçinin, siyasi məhbus mövzusu qabarmağa başladı. Bu hallar indi sanki yeni mərhələdə təqdim olunur. Bu təqdim olunma əslində ehtiyacdan, beynəlxalq tələbdən irəli gələn çağırışlardır. Biz hər zaman görürük ki, bu piar, daxili və beynəlxalq rəyi manipulyasiya etmək məqsədindən başqa bir nəticə ortaya qoya bilmir. Təəssüf ki, hər dəfə özünü müxalifətdə hesab edən bir qrup siyasi qurumları da istifadə edə bilirlər. Nə yazıq ki, hər dəfə onları aldada bilirlər.”

Ekspert yeni siyasi konfiqurasiyanın nədən ibarət olduğunu bilmir.

“Açığı bunun nədən ibarət olduğunu mən də sual etmişdim. Bəlkə özlərini bu konfiqurasiyada görən siyasi qurumlar, hətta müxalif siyasi partiya hesab edilənlər aydınlıq gətirsinlər ki, onlar bu konfiqurasiyadadırlarmı. Bu konfiqurasiyada olmaq nə deməkdir. Bunun fərqliliyi nədən ibarətdir. İstər prezident İlham Əliyev, istərsə ayrı-ayrı məmurlar, hətta parlament rəhbərliyi yeni siyasi konfiqurasiya deyərkən sabun köpüyü vasitəsi ilə rəy yaratmaq məqsədi daşıyırlar. Amma, mahiyyət etibarı ilə reallıqda dəyişən bir şey yoxdur. Məsələn, deyirlər parlament sədrinin müavini müxalifət nümayəndəsidir, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisidir. Amma, Fakt-Yoxla saytı bu adamla bağlı araşdıma aparıb ki, dörd çağırışdır deputatdır. Bu günədək real müxalif mövqeyindən çıxış etməyib. Yəni, hökumətin parlamentdə müxalifət hesab etdiyi siyasi partiyalar insan haqları, demokratiya, azad media, siyasi məhbus, vətəndaş cəmiyyətləri ilə bağlı tənqidlər olanda, büdcə qəbulunda, xarici və daxili siyasət məsələlərində daim hökumətin siyasi kursunu dəstəkləyir.”

Akif Qurbanov hökumətin real müxalifətlə dialoqunun olmadığını düşünür.

“Hökumətin real müxalifətlə dialoq aparmaq istəyi belə yoxdur. Bu istək olsa idi, hökumət şərt qoymadan hansı mövzularda dialoq aparmaq istədiyini açıq göstərərdi. İndi təqdim edilir ki, AXCP və Müsavat Partiyası dialoqdan imtina edir. Amma, onların dialoqdan imtina ilə bağlı hər hansı bəyanatı mövcud deyil. Əksinə dəfələrlə bildiriblər ki, dialoqdan imtina etməyiblər. Onlar deyir ki, dialoqun formallığından qaçırlar və gerçək dialoqun olması üçün gerçək şərtlərdən danışırlar. Hər iki partiya gerçıək şərtlər daxilində dialoqa hazır olduqlarını bəyan edirlər,” Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Amerikanın Səsinə müsahibəsində deyib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG