Accessibility links

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin zirvə toplantısı olacaq


Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov
Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu, Rəşid Meredovun Bakıda keçirilən dördüncü üçtərəfli görüşü başa çatıb.

Görüşün yekunu olaraq qəbul edilmiş birgə bəyanatda deyilir ki, görüşdə “2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının Çərçivə Proqram”ının həyata keçirilməsi üzrə birgə səylərin vacibliyi qeyd edilib.

“Nazirlər terrorçuluq, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və onların prekursorlarının və silahların qanunsuz dövriyyəsi, insan alveri, mədəni və tarixi irs əleyhinə cinayətlər, kibercinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb”, sənəddə qeyd edilir.

Görüşdə tərəflər iqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verəcəklərinə dair razılığa gəliblər.

Tərəflər həmçinin dövlət başçılarının Türkmənistanda keçiriləcək Üçtərəfli Zirvə Görüşü zamanı Azərbaycan-Türkiyə-Türkmənistan Biznes Forumunun keçirilməsi imkanlarının nəzərdən keçiriləcəyinə dair razılığa gəliblər.

Görüşdə Xəzər dənizindən keçməklə Türkmənistanı Azərbaycan ilə birləşdirən və Türkiyə vasitəsilə (Bakı-Tbilisi-Qars dəmir yolu) Avropaya çıxışı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri müzakirə edilib və üç ölkə Böyük İpək Yolunun bərpasına yönəlmiş səyləri dəstəkləyib.

Görüşdə regionda rəqəmsal informasiya cəmiyyətinin qurulması üçün ölkələr arasında informasiya (internet) infrastrukturunun yaradılması vasitəsilə davamlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan, habelə Avropa və Asiya arasında telekommunikasiya tranziti yollarının diversifikasiyası və təkmillədşirilməsinə dəstək olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin Trans Xəzər hissəsinin önəmliliyini yüksək qiymətləndirilib.

Nazirlər enerji layihələrinin, o cümlədən Azərbaycan və Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə vasitəsi ilə Avropa və digər beynəlxalq bazarlara ötürülməsini xüsusi qeyd edib.

Həmçinin təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə Azərbaycan, türk və türkmən xalqlarının ümumi mədəniyyət, dil və tarixi irsinə əsaslanan əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azəfrbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, 2018-ci ildə Azərbaycan 6 milyard kubmetr həcmində təbii qazı Türkiyə bazarına çatdıracaq.

Onun sözlərinə görə, 2020-2022-ci illərdə TAP layihəsinin tikintisi başa çatacaq. Azərbaycan qazı Türkiyənin ardınca İtaliya bazarına çıxarılacaq.

Nazir Türkmənistanın Azərbaycan və Türkiyə tərəfindən reallaşdırılan layihələrə maraq göstərdiyini də diqqətə çatdırıb.

Məmmədyarovun sözlərinə görə, Ələt limanı işə başlayıb və Türkmənbaşı limanı gələn il istifadəyə veriləcək.

"Gələn ildən bu limanlar vasitəsi ilə 25 milyon tonadək yükdaşıma imkanlarından istifadə etmək olar".

Onun sözlərinə görə, artıq bu yolla Çindən gələn sınaq qatarları yükləri Qara dəniz limanına çatdırıb.

“Bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək və yükləri bu yolla daşımaq müknü olacaq”.

Türkiyə xarici işlər naziti Mölud Çavuşoğlu üçtərəfli görüşün münasibətlərin inkişafına daha da təkan verəcəyini deyib.

O, tərəflər arasında iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb.

“Bununla yanaşı Azərbaycan, Türkiyə və Türkmənistan arasında bəzi ticarət sahələrində azalma var”.

Onun fikrincə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial var.

Nazir görüşdə BMT və digər beynəlxalq təşkilatlarda gələcək əməkdaşlığın perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırıb.

Çavuşoğlunun sözlərinə görə, Türkmənistanda ölkə başçılarının zirvə görüşü olacaq və enerji məsələləri ilə yanaşı digər sahələrdə əməkdaşlıq müzakirə olunacaq.

O, ekspertlərin 2018-2020-ci illəri əhatə edən Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığına dair “Yol xəritəsi” üzərində çalışdığını deyib.

Türkiyə xarici işlər naziri ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha fəal olmağa çağırıb və münaqişənin nizamlanmasına Türkiyənin hər cür kömək etməyə hazır olduğunu bildirib. Nazir bu il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsini pisləyivb və baş sağlığı verib.

“Türkiyə həmişə Azərbaycanın yanındadır”, Çavuşoğlu qeyd edib.

Türkmənistan xarici işlər naziri Rəşid Meredov ölkəsinin iqtisadi, siyasi və energetika sahələrində münasibətləri genişləndirmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, tərəflər dövlət başçılarının Türkmənistanda keçiriləcək sammitlə bağlı hazırlıq işlərini müzakirə edib.

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü də Türkmənistanda keçiriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG