Accessibility links

“Ceyrançöl”ün Sovet Ordusunun minalarından təmizlənməsi davam etdirilir [Video]


“Ceyrançöl”ün Sovet Ordusunun minalarından təmizlənməsi davam etdirilir
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Layihə ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunur

Sentyabrın 26-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan “Ceyrançöl" layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzusunda tədbir keçirib.

ANAMA
ANAMA

Tədbirdə Azərbaycan baş nazirinin müavini Abid Şərifov və NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturay, NATO/NSPA-nın rəsmi nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər, eləcə də Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri iştirak edib .

ANAMA-nın direktoru Qəzənfər Əhmədov bildirib ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb regionunda yerləşən Ceyrançöl ərazisi (Bakıdan 450 kilometr qərb) 1955-1991-ci illər ərzində keçmiş Sovet Ordusunun sınaq və təlim poliqonu kimi istifadə edilib.

“Layihənin birinci mərhələsi çərçivəsində 28 ay (aprel 2012 – iyul 2014) ərzində 64 kv.km. olan ümumi sahənin 19 kv.km ərazisi tam təmizlənib və 14 654 partlamış hərbi sursat (PHS) və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib. Layihənin ikinci mərhələsinə 2014-cü il 8 iyul tarixindən start verilib və 24 ay müddətində davam edən mərhələ çərçivəsində 23 584 545 kv.m ərazi təmizlənib, 1553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilib. 22 kv.km ərazini əhatə edən üçüncü mərhələ bu ilin yanvar ayında başlanıb və 2018-ci il ərzində bitməsi nəzərdə tutulub”.

“ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu"nun “Ceyrançöl təmizləmə layihəsi”nin üçüncü mərhələsi olan 21.395.505 kv.m ərazinin təmizlənməsi NATO tərəfindən rəsmən təsdiq olunub. Türkiyə bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürüb. Azərbaycan hökuməti isə layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb”, Əhmədov qeyd edib.

Baş nazirin müavini Abid Şərifov deyib ki,Azərbaycanda iki cür mina və partlamamış hərbi sursat problemi mövcuddur.

“Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə, habelə işğaldan azad edilmiş ərazilərdə və keçmiş Sovet Ordusunun tərk etdiyi poliqon və bazalarda mina və partlamamış hərbi sursat problemləri var”, o qeyd edib.

Şərifovun sözlərinə görə, 1991-ci ildən indiyədək Azərbaycanda hərbi sursat, mina partlayışları nəticəsində 532 nəfər həlak olub, 2400-dən çox insan müxtəlif xəsarətlər alıb.

“Sovet Ordusunun Azərbaycanın Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerləşən Cənubi Qafqazda ən böyük hərbi sursat bazasında baş vermiş partlayışlarda 30 nəfər həlak olub, 93 nəfər xəsarət alıb”.

Baş nazirin müavini həmçinin qeyd edib ki, Azərbaycan-Gürcüstan sərhədinin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi ən böyük təhlükə doğuran yerlərdən biridir.

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın fikrincə, Azərbaycanla NATO arasında etibarlı və daim inkişaf edən əlaqələr qurulub.

“Ceyrançöl layihəsi birbaşa insanlara verilən töhfədir. Bu, bizim tərəfimizdən faydalı investisiyadır. Burada olan təcrübə Gürcüstanla paylaşılır. Azərbaycan öz təcrübəsini həm də Əfqanıstanla paylaşır. Bu layihə inkişaf edən layihədir və dünyada insanların təhlükəsizliyinə təminat verir. Təəssüf ki, dünyada baş verən proseslər səbəbindən insanların hələ də müdafiəyə ehtiyacı var”, o ANAMA-nın gələcəkdə regionun digər ölkələri ilə də təcrrübəsini böləcəyinə işarə edib.

ABŞ səfirİ Robert Sekuta bildirib ki, Ceyrançöl layihəsi başlayandan ABŞ ona dəstək verir. Onun ölkəsi layihənin üçüncü mərhələsinə keçməsini də dəstəkləyir:

"Partlamamış hərbi sursatların günahsız insanlara necə təsir etdiyini görürük. ABŞ hökuməti indiyədək Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə 30 milyon dollar töhfə verib. Donor ölkələri ilə birgə 40 kv. km-dən çox çirklənmiş ərazi təmizlənib. ANAMA-nın töhfələri ölkənin hüdudlarından kənara çıxır", səfir qeyd edib.

XS
SM
MD
LG