Accessibility links

Azərbaycan prezidenti İranın birinci vitse-prezidenti ilə görüşüb


Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

AZƏRTAC agentliyinin məlumatına görə, prezident Əliyev İstanbula səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.

Görüşdə İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı iqtisadi əməkdaşlığın genişləndiyini, iki ölkə arasında mühüm infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib.

İlham Əliyev və Eshaq Cahangiri
İlham Əliyev və Eshaq Cahangiri

İranın birinci vitse-prezidenti Eshaq Cahangiri də Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, Astara-Astara dəmir yolu xəttinin həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Eshaq Cahangiri regionda terrorizm təhdidlərinin olduğunu söyləyib və buna qarşı mübarizədə ölkələrin səylərinin artırılmasının əhəmiyyətindən danışıb.

İlham Əliyev də Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük marağın olduğunu qeyd edərək bildirib ki, bu layihə bölgədə iqtisadi əməkdaşlığın inkişafına xidmət edir. Dövlət başçısı deyib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan ölkələrdəndir və bu sahədə səylərini əsirgəmir.

Söhbət zamanı Azərbaycan ilə İran arasında energetika, əczaçılıq, sərmayə qoyuluşu, sənaye, o cümlədən birgə avtomobil istehsalı və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu bildirilib və əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG