Accessibility links

REAL qurultayını təxirə salıb


Respublikaçı Alternativ Partiyasının (REAL) Təşkilat Komitəsi (TK) dekabrın 17-nə təyin etdiyi təsis qurultayını qeyri-müəyyən vaxtadək təxirə salıb. Bu barədə REAL-ın icra katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib.

Təsis qurultayı dekabrın 17-də Müsavat Partiyasının qərargahında keçirilməli idi.

Dekabrın 15-də Müsavat Partiyasının qərargahında Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin və Müsavat Partiyasının rəhbər şəxslərinin görüşü keçirilib.

Müsavat başqanı Arif Hacılı bu gün həmçinin, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Arif Hacılı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxdıqdan sonra REAL təşkilatının üzvləri ilə keçirdiyi görüş barədə öz Facebook səhifəsində yazıb ki, görüşdə əsas mövzu REAL Partiyasının təsis qurultayının Müsavat qərargahında keçirilməsinə hakimiyyətin yaratdığı problemlər, qərargahın boşaldılması hədələri barədə olub.

“Yaranmış vəziyyətdə hüquqi məsələlər aydınlaşanadək qurultayın ertələnməsi təklifi də müzakirə edildi. REAL rəhbərliyi problemlərin ciddiliyini anlaşıqlıqla qarşıladı. Təşkilat komitəsində müzakirələr zamanı baş verənləri nəzərə alacaqlarını bildirdilər”, o qeyd edib.

Dekabrın 14-də isə Dövlət Əmlak Komitəsinin məsul əməkdaşları Müsavat Partiyasının qərargahına gələrək icarə ilə bağlı partiyaya xəbədarlıq edib.

REAl Təşkilat Komitəsi (TK) bu gün yaydığı bəyanatda qurultayın keçirilməsi üçün yer ayırması ilə bağlı Müsavat partiyasına edilən bütün təzyiqləri kəskin şəkildə pisləyir.

“REAl TK Müsavat Partiyasının müraciətini və partiyanın istifadəsində olan binanın itirilməsi təhlükəsinin ciddi olduğunu nəzərə alaraq, Təsis Qurultayını müvəqqəti olaraq təxirə salmağı qərara alır. ReAl Partiya Təsis Qurultayının baş tutmasının hər vəchlə qarşısını alan, bunun üçün zorakılıq və təhdidlərdən əl çəkməyən hakimiyyət öz addımları ilə ReAl sədri İlqar Məmmədovun artan nüfuzu və ReAl-ın ölkənin siyasi səhnəsində yeni aparıcı qüvvəyə çevrilməsindən çəkindiyini bir daha sübut etmiş oldu. ReAl olaraq bəyan edirik ki, ölkədə olan bütün qanuni vasitələrdən istifadə edərək Təsis Qurultayımızın keçirilməsinə nail olmaq niyyətindəyik”, sənəddə qeyd edilir.

“Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsi partiyanın I Təsis Qurultayının bu ilin oktyabın 29-da keçirilməsi ilə bağlı qərar verib və Bakı şəhərində yerləşən 4 və 5 ulduzlu otel və özəl obyektlərə partiya qurultayının keçirilməsi üçün yerin ayrılması xahişi ilə müraciətlər edib. Lakin müraciət olunan özəl yerlər siyasi partiya tədbirlərinə yer verməkdən imtina edib. Bunu nəzərə alaraq Partiyanın Təşəbbüs Qrupu adından Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə digər siyasi partiyaların bu günə qədər qurultay və digər tədbirlərini keçirtdiyi obyektlərlə bağlı müraciət ünvanlayıb.Hər iki qurum cavab məktublarında qurultayımızın keçirilməsi üçün onlarda uyğun yerin olmadığını bəhanə gətirərək yer ayırmaqdan imtina edib”, bəyanatda xatırladılır.

XS
SM
MD
LG