Yanvarın 29-31-i və fevralın 1-də Bakı şəhəri Sabunçu və Binəqədi rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 Hindistan vətəndaşı saxlanılıb.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin məlumatında deyilir.
Məlumata görə, araşdırma zamanı həmin əcnəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkədə viza müddətinin bitdiyi, 19 nəfərin Azərbaycana gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları və 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı aşkar edilib.
Mütəşəkkil qrup üzvləri ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarına iş və təhsil əsası ilə müvəqqəti yaşama icazəsi almaq adı altında hər birindən 400-500 ABŞ dolları məbləğində pul alıb və onların Azərbaycanda leqallaşdırılmasını təmin edəcəklərini vəd verib.
Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azərbaycana gətirilməsini Hindistan vətəndaşı Mohammad Sakirin öz həmvətənləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mukimkhan və Pakistan vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil etdiyi məlum olub.
Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycana yanvarın 14-də işgüzar səfər məqsədi ilə gəldiyi müəyyən edilib. Digər təşkilatçılar P.J.Mukimkhanın ölkəyə sonuncu dəfə noyabrın 25-də daxil olduğdu, Sajid Frazın Azərbaycan vətəndaşı ilə nikah əsasında aprelin 30-dan müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.
Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mohamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh saxlanılıb. O cümlədən digər qrup üzvü “Munna” ləqəbli SK Allarakha məsuliyyətdən yayınmaq məqsədilə yanvarın 31-də ölkə ərazisini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə yerləşdirilib.
Qeyd olunan mütəşəkkil qrup üzvləri ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarına iş və təhsil əsası ilə müvəqqəti yaşama icazəsi almaq adı altında hər birindən 400-500 ABŞ dolları məbləğində pul alıb və onların Azərbaycanda leqallaşdırılmasını təmin edəcəklərinə vəd verib. Onlar Azərbaycana gətirilməsini təşkil etdikləri əcnəbilərdən bəziləri ilə saxta əmək müqaviləsi bağlayıb, neft buruqlarında işə düzəltdiklərinə dair şəkillərini paylaşıb, həmin əcnəbilərə əmək haqqı adı altında 600 manat məbləğində ödəniş edib və digər Hindistan vətəndaşları üçün reklam edərək pul qazanıblar. Təşkilatçılar öz həmvətənlərini dələduzluq yolu ilə vəsaitlərini mənimsəyib və həmin əcnəbilərin ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb.
O cümlədən Sajid Frazın həyat yoldaşı Azərbaycan vətəndaşı Fraz (Qasımova) Günel İlqar qızı əcnəbilərin universitetlərə qəbul edilmələrini təşkil edəcəyini vəd edib.
Bundan əlavə, bir qism Azərbaycan vətəndaşı əcnəbilərə yaşayış yeri təşkil edilməsində iştirak edib.
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin davam etdiriləcəyini bildirir.