Accessibility links

Minsk qrupunun həmsədrləri İlham Əliyevlə görüşüb


Prezident İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Öz növbəsində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prezident İlham Əliyevlə görüşündə Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb.

"Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin.

İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir.

Status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır", mətbuat katibi qeyd edib.

XS
SM
MD
LG