Accessibility links

Azərbaycanın baş prokuroru jurnalistin ekstradisiyası ilə bağlı Ukrayna baş prokuroruna müraciət edib


Zakir Qaralovun Ukrayna baş prokuroruna məktubu

Azərbaycan baş prokuroru Zakir Qaralov vətəndə təqiblərə məruz qaldığına görə qaçqın statusu və Niderland vətəndaşlığı almış "Turan TV" telekanalının jurnalisti Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatdır. Bu barədə Turan agentliyi onun Ukrayna baş prokuroru Yuri Lutsenkoya məktubuna istinadən məlumat yayıb. Məktubun surəti Ukraynanın İnsan Hüquqları haqqında İnformasiya Mərkəzi nəşrinin əlində var.

"Onun təhvil verilməsi haqqında qərar qəbul edilməsinin gecikdirilməsi bizdə narahatlıq hissi doğurur, belə ki, o və onun "müdafiəçiləri" ədalətli mühakimədən yayınmaq üçün hər cür tədbirə əl atırlar. Bundan başqa, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda onun aldatdığı, fırıldaqçı əməllərindən zərər çəkmiş insanların hüquqları pozulur", Qaralov 12 yanvar 2018-ci il tarixli məktubunda yazır.

Bundan başqa, o inandırır ki, Fikrət Hüseynlinin Ukraynaya ölkədə sabitliyi pozmaq üçün gəldiyi və mitinqlərdə və Ukraynanın milli maraqlarına zidd olan digər siyasi tədbirlərdə iştirak etdiyi "səhih faktlarla müəyyən edilib".

Amma baş prokuror onun məhz hansı dinc mitinqlərdə iştirak etdiyini dəqiqləşdirmir. Məktuba qoşmada o, Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Azərbaycanın baş prokuroru jurnalistin Ukrayna XİN vasitəsilə ekstradisiyası məsələsinə baxılması prosesinə qərb ölkələrinin səfirliklərinin bir sıra məmurlarının müdaxilə etməsindən gileylənir, amma Qaralov yenə məhz hansı ölkələrdən söhbət getdiyini açıqlamır.

Zakir Qaralovun Ukrayna baş prokuroruna məktubu
Zakir Qaralovun Ukrayna baş prokuroruna məktubu

Məktuba qoşmada baş prokuror həmçinin "Komsomolskaya pravda"dan "feyklərin ortaya çıxması üçün Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq edən haqqin.az" nəşrinə" istinad olunan materialı da əlavə edib.

İnsan Hüquqları haqqında İnformasiya Mərkəzi bildirir ki, fevralın 19-da Kiyevin Peçerski rayon Məhkəməsi ikinci dəfə Fikrət Hüseynlinin işi üzrə iclası təxirə salıb.

Xatırladaq ki, Fikrət Hüseynli Azərbaycanda müxalif "Azadlıq" qəzetinin əməkdaşı olub. 2006-cı ilin martında Bakının Patamdar qəsəbəsində maskalı naməlum şəxslər onu oğurlayıb və döyüblər, nəticədə ağır bədən xəsarətləri, o cümlədən bıçaq yaraları alıb. 2008-ci il mayın 8-də jurnalist Azərbaycandan mühacirət edib. O, Niderlandda qaçqın statusu alıb və hazırda bu ölkənin vətəndaşıdır.

Fikrət Hüseynli 2017-ci ilin martında özünü Prezident Aparatının nümayəndəsi kimi təqdim edən bir şəxsdən gələn telefon zəngi haqqında danışıb. Həmin şəxs jurnalistə Facebook səhifəsini siləcəyi və "Turan TV" telekanalında işini dayandıracağı, Azərbaycanın Niderlanddakı səfirliyinə gedəcəyi təqdirdə Azərbaycana sərbəst şəkildə gələ biləcəyini vəd edib.

"Sonra rahatca valideynlərinə baş çəkə bilərsən. Amma imtina etsən, səni İnterpol vasitəsilə axtaracağıq", o bildirib.

2017-ci il oktyabrın 14-də Ukrayna sərhədçiləri Azərbaycanın sorğusu əsasında Hüseynlini "Borispol" aeroportunda saxlayıblar. Jurnalist Kiyevə "Turan TV" peyk telekanalının filialını açmaq üçün gəlmişdi.

Azərbaycan hakimiyyəti jurnalisti azərbaycanlıların qanunsuz mühacirətinin və xaricdə qaçqın statusu almasının təşkilində ittiham edərək ona qarşı cinayət işləri açıb. Jurnalist müstəntiqlərin bütün ittihamlarını təkzib edir və deyir ki, 10 ildir Azərbaycanda olmayıb.

Niderland XİN jurnalistin Haaqadakı vəkilinə sorğunun İnterpolun nizamnaməsinin 2(1) və 3-cü maddələrinə uyğun olmaması ilə əlaqədar İnterpol bazasında qırmızı kartın silindiyini bildirib.

Bir müddət əvvəl jurnalist Ukrayna prezidenti Petr Poroşenkoya və baş prokuror Yuri Lutsenkoya müraciət edərək "Niderlanda qayıtmasına kömək etmələrini" istəyib.

"Təəssüf ki, Ukraynada Azərbaycanın siyasi girovu, Kremldən idarə olunan qüvvələrin girovu olaraq qalıram. Mənim Kiyevi tərk etmək hüququm yoxdur, pasportumu əlimdən alıblar, hüquqsuz bir insana çevrilmişəm. Niderlanddakı işimi itirmişəm və Kiyevdə yaşamaq üçün borc almalıyam. Sizə pasportumun qaytarılmasına və təhlükəsiz şəkildə Niderland Krallığına qayıtmağıma kömək etmək xahişi ilə müraciət edirəm", Fikrət Hüseynov öz müraciətində yazır.

Öz növbəsində, Azərbaycanın Baş Prokurorluğu hələ nəşrin dərc etdiyi məktubun həqiqi olub-olmaması ilə bağlı şərh verməyib.

XS
SM
MD
LG