Accessibility links

Əli Həsənov "əxlaqa sığmayan" statuslar barədə yazıb - onun məqaləsinə fərqli baxışlar


Facebook
Facebook

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook səhifəsində xarici ölkələrdə yaşayan azərbaycanlıları sosial şəbəkələrdə milli-mənəvi əxlaqa sığmayan statuslar paylaşmamağa çağıran ikinci məqaləsini dərc edib. O, bir neçə gün öncə Facebook səhifəsində bu məzmunda birinci məqaləsini yazıb. Prezidentin köməkçisi Azərbaycan jurnalistlərinin qurultayındakı çıxışında da bu məsələyə toxunub.

Bir çox ictimai-siyasi xadimlər ölkədə milli-mənəvi əxlaqa zidd atmosferin yaradılmasının səbəbi kimi hökumətin siyasətini göstərir. Onlar hesab edir ki, siyasi və ictimai dialoq olmalı, azad media, müstəqil vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti bərpa edilməli, təqiblərə son qoyulmalıdır.

Əli Həsənov
Əli Həsənov

​Əli Həsənov: Ailəsinin şərəfini gözləyən hər bir şəxs başqasının ailəsini təhqir etməz!

​“Müraciətim yayılandan sonra daxili müxalifətin, xaricdəki diaspor fəallarının bu polemikaya qatılacağını və indiki qeyri-normal halın aradan qaldırılması yollarının müzakirə ediləcəyini gözləyirdim... Ancaq bu gün dərin təəssüf hissi ilə bildirmək məcburiyyətindəyəm ki, Azərbaycan dövlətinə, hakimiyyətə, ayrı-ayrı şəxslərə, o cümlədən də şəxsən ölkə prezidentinə və onun köməkçisi kimi mənə qarşı çirkin kampaniya aparan həmin “insanlar” nəinki polemika mədəniyyətlərinin olmadığını, həm də tərbiyə və əxlaq normalarından çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirdilər”. Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook səhifəsində dərc etdiyi ikinci məqaləsində yazıb.

Prezidentin köməkçisi bəyan edir ki, cavabdeh olduğu sahədə çalışan şəxslərin heç biri öz opponentlərinin şərəf və ləyaqətinə, milli-vətəndaş heysiyyatına toxuna biləcək leksikondan istifadə etməyib və belə hərəkətləri həmişə sərt formada qınayıb.

Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir.

Əli Həsənov

“Biz həmişə istənilən şəxs, siyasi qurum və qüvvə ilə istənilən platformada sivil polemikaya açıq olmuşuq və bu ğün də buna hazırıq. Görünür mədəniyyət, əxlaq, tərbiyə və şərəf barədə anlayışları plintusdan da aşağı səviyyədə olan vidadi isgəndərli, isa sadıqov, elşad abdullayev (Həsənov bu şəxslərin ad və familiyalarını kiçik hərflərlə yazıb-red) kimilərdən qısa müddətdə möcüzəli transformasiya gözləmək əbəs imiş... Bir də təkrar edirəm, insanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərin dili ilə danışırlar. İnsanın mahiyyəti nədirsə, davranış və leksikonu da elədir... Böyük Füzulinin təbirincə desək, “kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Jurnalistlərin son qurultayında ifadə etdiyim fikri bir daha, bu dəfə ünvanlı şəkildə, mahiyyətcə düşük olanların diqqətinə çatdırıram: özünüzə rəva görmədiyinizi başqasına da etməyin! Ailəsinin şərəfini gözləyən hər bir şəxs başqasının ailəsini də təhqir etməz! Özünə rəva görmədiyi ədəbsiz ifadələri başqası barədə də işlətməz!”

Həsənov siyasi mübarizəni cəmiyyətə, vətəndaşa utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərinə uyğun şəkildə aparılmasını təklif edir.

“Bu gün öz “siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar. Belələri başa düşməlidirlər ki, müxtəlif fərziyyələrini mənim və hakimiyyəti təmsil edən digər şəxslərin adına çıxmaqla, “trollar”, “məqsədli təhqir” və s. bu kimi ifadələr ortaya atmaqla, heç kimə şərəf gətirməyən və sonu heç də yaxşı olmayan işə baş qoşurlar. Onlara bu ziyanlı əməllərdən əl çəkməyi tövsiyə edirəm. Yenə də jurnalistlərin qurultayında ifadə etdiyim və bəziləri tərəfinədən təhrif olunmuş şəkildə şərh edilən fikrimə qayıtmaq istəyirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı mübarizəyə sövq edilirlər”.

Əli Həsənov, Məzahir Pənahov və Novruz Məmmədov
Əli Həsənov, Məzahir Pənahov və Novruz Məmmədov

Bununla yanaşı o, bu fikrinin xaricdəki bütün soydaşlara aid olmadığını bildirir.

“Avropada yüz mindən çox azərbaycanlı məskunlaşıb, onların 15-20 min nəfəri fəaldır və ölkəmizin maraqlarını həmişə müdafiə edirlər. Hazırda söhbət müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfərdən gedir. Onlar iki əlin barmaqları ilə sayılacaq qədərdir... Mən üzümü məhz onlara tuturam və söyləyirəm: Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir”, o qeyd edib.

Hüseyn Abdullayev
Hüseyn Abdullayev

Hüseyn Abdullayev: Siz mənə və mənim ailəmə qarşı çox haqsızlıqlar etmisiniz

Hazırda Almaniyada mühacirtədə olan Milli Məclisin keçmiş deputatı Hüseyn Abdullayev Əli Həsənovu və Azərbaycanın hazırki iqtidarını ona və ailəsinə qarşı çoxsaylı haqsızlıqlar etməkdə ittiham edib.

“Buradan Azərbaycanın despot rejiminə səslənirəm. Niyə Heydər Əliyevin ən ağır günlərində ona maliyyə dəstəyi verəndə, mənə vətən xaini və cinayətkar demirdiniz? Niyə quyruğunuz qapı arasında qalanda, mənə “qardaş” deyib, dördəlli sarılırdınız? Siz mənə və mənim ailəmə qarşı çox haqsızlıqlar etmisiniz”, Abdullayev Facebook səhifəsində fikirlərini Əli Həsənovun və digərlərinin ünvanına daha sərt ifadələrlə davam etdirib.

Vidadi İsgəndərli
Vidadi İsgəndərli

Vidadi İsgəndərli: Öncə mənim atamın qəbrini təhqir edənləri və sifarişçiləri tapın

Xaricdə mühacirətdə olan Azərbaycan prokurorluğunun keçmiş əməkdaşı Vidadi Isgəndərli Azərbaycan iqtidarının, o cümlədən hökumətin ayrı-ayrı üzvlərinin qanunsuz hərəkətlərinə ilk öncə hüquqi qiymət verilməsini vacib sayır. O, hökuməti seçkiləri saxtalaşdırmaqda, korrupsiya əməllərində, ölkədə çoxsaylı insanları tənqidi və siyasi mövqeyinə görə həbs etdirməkdə, azad medianı susdurmaqda günahlandırır. İsgəndərli həmçinin tənqidi mövqeyinə görə atasının qəbrinin təhqir edilərək sosial şəbəkələrdə video görüntülər yerləşdirilməsinə və ailə üzvlərinin təqib olunmasına qarşı sərt tənqidi və təhqirlə müşaiyyət olunan fikirlər söyləyir.

“Hökumət ilk öncə mənim atamın qəbrini təhqir edənləri və bunun sifarişçilərini tapıb məhkəmə qarşısına çıxarmalıdır ”, o, video müraciətlərində dəfələrlə vurğulayıb.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

Hikmət Babaoğlu: Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək anti-Azərbaycan mərkəzlərin yeni taktikasıdır

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Əli Həsənovun məqaləsinə münasibətində bildirir ki, siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək anti-Azərbaycan mərkəzlərin yeni taktikası kimi müəyyənləşdirilib.

“Bu, xüsusi məqsədə xidmət etməklə milli-mənəvi dəyərlərimizə qarşı yönəlib. Seçki prosesi mərhələsində belə qüvvələrin fəallaşması da təsadüfi deyil. Çünki seçki mədəniyyəti siyasi mədəniyyətin mühüm tərkib hissəsi olmaqla həm də ümumi mədəniyyətimizin keyfiyyətini müəyyənləşdirir. Ona görə də seçki ilində siyasi dəyərlərimizin və mədəniyyətimizin hədəfə alınması, ictimai nüfuz sahiblərinin, mühüm dövlət məmurlarının gözdən salınması, onların fikirlərinin təhrif edilməsi təsadüfi deyil”, o qeyd edib.

Deputat hesab edir ki, xaricdə yaşayan və anti-azərbaycançı mərkəzlərin şər ruporuna çevrilən bir qrup insan bu üsulla ölkədə sivil siyasi mübarizənin olmadığını qlobal ictimai rəyə təqdim etmək istəyir.

Arif Əliyev
Arif Əliyev

Arif Əliyev: İdeologiya ağıllılarımız əkdiklərini biçirlər

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Amerikanın Səsinin sorğusuna cavabda deyib ki, təsir əks-təsir doğurur.

Güc sahibləri "televiziya dilində" söyüşlərə "feysbuk dilində" cavab alacaqlar.

Arif Əliyev

“Gücün təsiri nə qədər eybəcərdirsə, zəifin cavabı ikiqat eybəcər olur. Burada xahiş, müraciət heç nəyi dəyişmir, bəlkə, əksinə qızışdırır. Yalnız və yalnız əməl, münasibətlərin güclü (söz deyil, həm də səlahiyyət sahibi) tərəfindən dəyişdirilməsi cəhdi vəziyyəti dəyişdirə bilər. Bu barədə dəfələrlə xəbərdarliq etmişik, təkliflər vermişik, qabaği alınıb. İndi bizim ideologiya ağıllılarımız əkdiklərini biçirlər. Ölkədəki bu düşmənçilik münasibətləri davam etsə, onun fəsadlarını hələ çox görəcəyık. Güc sahibləri "televiziya dilində" söyüşlərə "feysbuk dilində" cavab alacaqlar, arada millət, mənəvi dəyərlər əldən gedəcək”, Arif Əliyev qeyd edib.

Qubad İbadoğlu, iqtisadçı
Qubad İbadoğlu, iqtisadçı

Qubad İbadoğlu: Ən düzgün yol insan haqlarına və ifadə azadlığına hörmət etməkdir

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Facebook səhifəsinbdə yazıb ki, sivil dünyada intellektin və mədəniyyətin, sağlam düşüncə və əxlağın rolunun artdığı bir zamanda Azərbaycanda, xüsusilə də ictimai-siyası müzakirə və şərhlərdə söyüş çalarlarının çoxalması, təhqiredici yanaşmalar, nifrət və nifaq toxumunun səpilməsi, neqativ prosesləri körükləyənlərin sayının çox olması və bunun məqsədli, planlı şəkildə həyata keçirilməsi məni çox narahat edir.

Cəmiyyət etik çərçivələrdə müzakirə aparmaq vərdişini yadırğayır, bölünür, parçalanır və sosial qruplar arasında ziddiyyətlər daha da kəskinəşərək şiddətlənir.

Qubad İbadoğlu

“Bütün bunların son illər bilik, zəka, idrak mənbəyi olan elmdə və təhsildə durğunluğun hökm sürdüyü dövrdə baş verməsi və bu proseslərin ağlagəlməz şəkildə vüsət alması gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Cəmiyyət etik çərçivələrdə müzakirə aparmaq vərdişini yadırğayır, bölünür, parçalanır və sosial qruplar arasında ziddiyyətlər daha da kəskinəşərək şiddətlənir. Yanlış anlaşılmasın, mən əsla siyasi mübarizənin aparılmasının, müxtəlif etiraz aksiyaların keçirilməsinin əleyhinə deyiləm. Əksinə, hesab edirəm ki, milli oyanış olmalı, xalqımız demokratik cəmiyyət, söz-ifadə azadlığı, torpaqlarımızın bütövlüyü üçün fədakarlıq etməli, mücadilə aparmalıdır. Bir şərtlə ki, bu proseslər, eyni zamanda onlara münasibət elə olmalıdır ki, cəmiyyətdə parçalanmaya gətirib çıxarmasın, insanlar arasında nifrəti artırmasın, nifaq salmasın və bizi geriyə - orta əsr təfəkkürünə və artıq sivil toplumların çoxdan imtina etdiyi oyun qaydalarına qaytarmasın”, o qeyd edib.

İbadoğlu hesab edir ki, siyasi mariflənməyə daha çox ehtiyac duyduğu zamanda intellektə, zəkaya, birliyə və həmrəyliyə səslənən çağırışlar edilməlidir.

“Düşünürəm ki, bunun ən düzgün yolu insan haqlarına və ifadə azadlığına hörmət etmək, onlara dəyər vermək, hakimiyyətin deyil, dövlətin maraqları ətrafında səfərbər olub birləşməkdir. Bunun üçünsə ilk növbədə, siyasi səbəblərdən məhbəslərdə saxlanılanlar şərtsiz azadlıq haqqına qovuşmalı, siyasi dialoq üçün sıx bağlanmış qapılar taybatay açılmalı, azad mətbuat və müstəqil vətəndaş cəmiyyəti, şəffaf və hesabatlı hökümət formalaşmalıdır”, ADR Hərəkatının sədri bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG