Accessibility links

Natiq Cəfərli: REAL Partiyası onlayn qurultay keçirdi [Audio-müsahibə]


İlqar Məmmədov əv Natiq Cəfərli
İlqar Məmmədov əv Natiq Cəfərli

Partiyanın əsas hədəfi parlamentli respublikaya keçidi təmin etməkdir

Respublikaçı Alternativ (REAL) Partiyası təsis qurultayını keçirib. Qurultay əvvəlcə onlayn, sonra oflayn olub. Belə ki, qurultay nümayəndələri sosial şəbəkədə platforma yaradıb və müzakirələr keçirib. Sonra partiya qərargahında gizli səsvermə yolu ilə partiyasının rəhbər orqanları seçilib.

Natiq Cəfərli :REAL Partiyası qurultay keçirdi
please wait

No media source currently available

0:00 0:06:52 0:00

REAL-ın Məclis üzvü Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, qurultay nümayəndələri və partiyanın bütün üzvləri müzakirələrdə fəal iştirak edib.

Qurultay əvvəlcə onlayn, sonra isə oflayn olub.

“Qurultayın bu formada keçirilməsi məkanla bağlıdır. Biz ötən il sentyabrın 29-dan bu il martın sonunandək 48 dəfə müxtəlif dövlət və hökumət idarələrinə qurultay keçirmək üçün yer ayrılması ilə bağlı müraciət etmişik. Bütün müraciətlərimizə imtina aldıq. Biz icra hakimiyyətlərinin, Mədəniyyət Nazirliyinin balansında olan məkanlardan tutmuş böyük otellərədək müraciət etdik. Hətta bəzi siyasi partiyalara verdikləri yerləri belə istədik. Bütün müraciətlərimizə imtima cavabı aldıq” , o qeyd edib.

Cəfərli deyib ki, bütün bunlardan sonra yeni üsulla qurultay keçirmək qərarına gəliblər.

“Bir onlayn platforma açdıq. Bütün qurultay nümayəndələrini oraya əlavə etdik. Partiyanın proqram və nizamnaməsi onlayn müzakirəyə açıldı. Çox ciddi müzakirələr aparıldı, nizamnamə və proqrama dəyişikliklər oldu. Şənbə günü (aprelin 7-də) onlayn qaydada səsvermə keçirildi, proqram və nizamnamə qəbul edildi”.

Məclis üzvünün sözlərinə görə, bundan sonra nizamnamə tələbinə uyğun olaraq gizli səsvermə keçirlməli olublar.

REAL
REAL

“Onlayn səsvermə yolu ilə seçki komissiyası təşkil edildi. Aprelin 8-də isə səhər saat 10-dan axşam saat 18-dək REAL-ın qərargahında bülletenlərlə gizli səsəvermə keçirildi. İlqar Məmmədov partiyanın sədri və 40 nəfər məclis üzvü seçildi”, Cəfərli qeyd edib.

Onun sözlərinə görə, yaxın günlərdə partiya məclisi öz sədrini və partiyanın İdarə Heyətini seçəcək.

Məclis üzvü bildirib ki, REAL Pariyası Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etməyəcək.

“Əgər, bizə qurultay keçirmək üşün yer verməyiblərsə qeydiyyatla bağlı da problem yaranacaq. Qeydiyyat üçün Ədliyyə Nazirliyinə 1000 üzvümüzün şəxsi məlumatlarını təqdim etməliyik. Üzvlərimizin sayı iki mindən çoxdur. Amma, üzvlərimizin şəxsi məlumatlarını Ədliyyə Nazirliyinə təqdim edib onlar üçün problemlər yaratmaq istəmirik. Həm də siyasi fəaliyyətlə məşğul olmaq üçün dövlətdən icazə almağa ehtiyac yoxdur. Çünki konstitusiya insanlara sərbəst birləşmək və toplaşmaq azadlığı verir. Eyni zamanda siyasi fəaliyyətlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarları da var ki, orada siyasi fəaliyyət üçün dövlətdən icazə alınması tələb edilmir. Biz də bu hüquqdan istifadə edib Ədliyyə Nazirliyinə müraciət etməyəcəyik”.

Cəfərlinin sözlərinə görə, partiyanın proqramının əsas hədəfi ölkədə parlamentli respublikaya keçidin, cümhuriyyət dəyərlərinin bərpa edilməsidir.

“Yəni parlamentli respublikanın, vətəndaş nəzarəti olan rifah dövlətininn qurulması, kiçik və effektiv hökumət modelinə keçidin təmin edilməsi əsas hədəflərimizidir”.

Partiyanın əsas hədəflərindən biri də seçkilərdə iştirakdır.

“Qarşıdan parlament seçkiləri gəlir. Biz çalışacağıq ki, 125 seçki dairəsinin hamısından namizədimiz olsun. İndidən çox ciddi şəkildə hazırlıqlarımız başlayıb. Biz bunu seçkiyə bir neçə ay qalmış etməyəcəyik. Təbii ki, əsas hədəfimiz seçki yolu ilə dəyişikliklərə nail olmaqdır”, o qeyd edib.

XS
SM
MD
LG