Turan agentliyi İkinci Dünya Müharibəsində faşizm üzərində qələbinin müxtəlif ölkələrdə fərqli qeyd edilməsi ilə bağlı məqalə dərc edib. Məqaləni təqdim edirik:
Rusiyada bayramı elə qeyd edirlər, sanki dünən qalib gəliblər
1945-ci ilin 9 may gününün tarixin dərinliyinə keçməsi ilə bütün dünyada Qələbə Gününə münasibət dəyişir, təkcə Rusiyadan başqa. Əgər dünyanın digər hissəsində 9 may təqvimdə tarixi günlərdən birinə çevrilirsə, rusiyalılar və Rusiya Federasiyası üçün Qələbə Gününün əhəmiyyəti artmaqdadır.
9 mayda hərbi parad nəinki miqyaslı şəkildə azalmayıb, üstəlik hər il Rusiyanın yeni silahlarını nümayiş etdirməsilə genişlənir. Bu il "terminatorlar" - tankların qənimi Qızıl Meydandan keçəcək.
Son illərdə "Ölümsüz alay" illik kütləvi aksiya keçirilir. Qələbə Günündə rusiyalıların geyimində Georgi lentinin olması məcburi atributa çevrilib.
Rusiyalı sosioloq Aleksey Titkov Almaniyanın "Deutsche Welle" (DW) nəşrinə müsahibəsində deyib ki, əgər doxsanıncı illərdə-iki mininci illərin əvvəlində Qələbə Günü Yeni ildən sonra ikinci populyar bayram idisə, 2010-cu ildən Qələbə Gününün önəmi artmağa başladı. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatına görə, bu önəm o qədər artdı ki, bu il ilk dəfə olaraq Yeni ili də üstələdi. Rusiyada Qələbə Gününü təbliğ edən aparıcı qüvvə, şübhəsiz ki, dövlət rəhbəri Vladimir Putindir", - sosioloq hesab edir.
Rusiya cəmiyyətində mübahisə edirlər: döyüşməmiş nəsil bayramda aktiv rol oynamaq hüququna malikdirmi? Gənclər hərbi forma geyinib, lent taxmalıdırmı? Veteranlar qalib gəlib, yoxsa ölkə?
Azərbaycan Rusiya bayramının kölgəsində
Azərbaycanda 9 may qeyri-iş günü olaraq qalır. Amma Bakıda hərbi parad keçirilmir, bayram prezident İlham Əliyevin Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsinin önündə sağ qalan müharibə veteranları ilə görüşlə məhdudlaşır. Böyük Vətən Müharibəsi iştirakçılarına birdəfəlik pul vəsaiti verilir.
Sanki azərbaycanlılar ruslarla və digər sovet millətləri ilə bərabər döyüşməmiş kimi, Rusiya şənliklərinin kölgəsində qalıb.
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov əlindəki rəqəmlərlə azərbaycanlıların Böyük Vətən Müharibəsində iştirakının miqyasını göstərir. Bu faktlar unudulub, digər postsovet ölkələrində hətta azərbaycanlıları SSRİ uğrunda döyüşmək istəməyən, Qarabağ uğrunda könülsüz döyüşən ticarətçi millət kimi təqdim edirlər.
Döyüşlərdə 300 mindən çox Azərbaycan əsgəri həlak olub. Bu, İkinci Dünya Müharibəsində ABŞ və ya Böyük Britaniya kimi ölkələrin itkisinə bərabərdir. Azərbaycanın hər onuncu sakini müharibədə həlak olub.
Əslində Azərbaycanın hər beş sakinindən biri Böyük Vətən Müharibəsində döyüşüb: 3,4 milyon əhalidən (1941-ci il) 681 min nəfər cəbhəyə gedib (10 mindən çoxu qadın olub). Döyüşlərdə 300 mindən çox Azərbaycan əsgəri həlak olub. Bu, İkinci Dünya Müharibəsində ABŞ və ya Böyük Britaniya kimi ölkələrin itkisinə bərabərdir. Azərbaycanın hər onuncu sakini müharibədə həlak olub. 400 mindən çox azərbaycanlı hərbi orden və medallar ilə, 14 əsgər "Şöhrət" ordeni ilə təltif edilib. 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb.
Azərbaycanlı hərbçilər müharibənin parlaq və qəhrəmanlıq epizodlarında iştirak ediblər. 1941-ci ilin avqustunda Berlinə ilk bomba zərbəsini endirən 12 bombardmançıdan birinin ekipajına qvardiya mayoru Ağasəf Səmədov başçılıq edib. 416-cı Azərbaycan diviziyasının döyüşçüləri Berlində Unter den Lindenə hücum edərək 3-cü Reyxin paytaxtı Brandenburqer darvazasının üzərinə qələbə bayrağını sancıblar.
Sevastopolun 60 min qəhrəman müdafiəçisindən 6 mini azərbaycanlı idi, 77-ci atıcı divizionundan olan döyüşçülərimiz 1944-cü ildə Sapun dağına hücum ediblər.
Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi yaradılıb, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları formalaşdırılıb, Qafqaz dağlarının ətəklərindən Pribaltikaya, Şərqi Avropa və Berlinə qədər döyüşüblər. Marşal Jukov "Xatirələr və düşüncələr" kitabında yazıb ki, "Şərqdən Berlinə ilk gedib çıxanlardan biri 416-cı diviziya idi: komandir - D.M. Sızranov, siyasi şöbənin rəisi - polkovnik R.A. Məcidov".
Təkcə kiçik bir Qafqaz kəndindən - İlisudan müharibəyə 239 kəndli gedib və geri qayıtmayıb.
Müharibə illərində Bakıda 130-dan çox növ silah və döyüş sursatı istehsal edilib. Əhalinin şəxsi əmanətindən Müdafiə Fonduna 15 kq. qızıl, 952 kq. gümüş, 320 mln. rubl verilib. Cəbhəyə 1,6 milyon ədəd zəruri mal və 125 vaqon isti geyim göndərilib. Azərbaycan Sovet Respublikasında evakuasiya hospitalları şəbəkəsi yaradılıb ki, buradan 440 mindən çox yaralı keçib.
Böyük Vətən Müharibəsi cəbhələri üçün bütün neft, yanacaq və sürtkü yağlarının 80% -ni və aviasiya benzininin 90% -ni Azərbaycan verib.
Rusiyada bu faktlar unudulur. Əvvəlki illərdə Bakıdan Moskvaya Azərbaycanın paytaxtına qəhrəman- şəhər statusunun verilməsinin vacibliyinə dair mesajlar gedərdi, amma Rusiya özünü elə aparırdı ki, guya mesajları görmür.
İctimai maraq və azərbaycanlıların müharibədə Almaniyanın tərəfində döyüşməsi qələbəyə münasibəti dəyişdi. Azərbaycan Respublikasının bayrağının rəngləri "azərbaycanlı legionerlər"in - Vermaxtın azərbaycanlı əsgəri- şevronlarında olduğu kimidir. Onlar əsirlikdən alman ordusuna keçirdilər, dəhşətli ölümdən qurtularaq hər vəchlə evə dönməyə can atırdılar.
Bakıda Sibir sürgünündən Azərbaycana qayıdan bir neçə legionerin nəvə-nəticələrinin xatırələrindən ibarət kitablar nəşr olunur. Tarixi monoqrafiyaların birində ("Öz bayrağı altında..") Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin Vermaxtın keçmiş zabitini - ailəsi ilə Vətənə qayıdan azərbaycanlını himayə etməsilə bağlı faktlar yer alır. H.Əliyev keçmiş legioneri onu həbs etmək üçün iki dəfə Bakıya zabit göndərmiş Moskvadan qoruyub.
Almanların tərəfində 40 minə qədər azərbaycanlı döyüşüb. Bu insanlara, onların atalarına və babalarına təmkinli münasibət göstərilir. Tarixçilər xatırladırlar ki, Slovakiya partizan hərəkatının qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə alman ordusundan partizanlara qoşulub. Oraya isə Fəhlə-Kəndli Qızıl Ordusunun əsir zabiti kimi düşüb.
"Mahiyyətcə, azərbaycanlı əsgər üçün hər iki rejim yabancıdır", - tarixçi Məmməd Cəfərli "Öz bayrağı altında..." (müəllif - legionerin oğlu Rüstəm Ələsgərov) kitabına ön sözdə yazıb. M.Cəfərli qeyd edir ki, "legionerlər öz alçaldılmış vətənini ona nifrət bəsləyən bolşeviklərdən azad etmək üçün vuruşurdular".
Almaniya məğlubiyyət kölgəsində
Almaniyada faşizm üzərində qələbənin tarixi əhəmiyyətini qiymətləndirmək daha çətindir. Almaniya hökuməti Avropada İkinci Dünya Müharibəsinin başa çatmasının 73-cü ildönümünü qeyd etmir. Lakin yüzlərlə muzey və şəxsi təşəbbüslər hər gün müharibə və nasizm dövrünü xatırladır", - DW yazır.
Avropa ölkələrinin əksəriyyətində olduğu kimi, Almaniyada da İkinci Dünya Müharibəsinin başa çatması günü 8 may hesab olunur. Həmin gün Almaniyada baş verən ən məşhur və əlamətdar hadisə o zamankı federal prezident Rixard fon Vaytszekkerin müharibənin başa çatmasının 40-cı ildönümü tədbirindəki çıxışı olub. O, ilk dəfə olaraq 8 mayı almanların nasizmdən azad edilməsi günü adlandırıb.
Kanslerin iş cədvəlində 73 illik tarixi olan hadisəyə aid heç bir şey planlaşdırılmayıb. Ancaq istisna deyil ki, Angela Merkelin mayın 10-da Axendə Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Petro Poroşenko ilə görüşündə qələbə münasibətilə təbrik səslənə bilər. Almaniya parlamentinin Aşağı Palatasının mətbuat xidmətində DW-nin müxbirinə deyiblər ki, bu həftə iclaslar yoxdur, Avropada İkinci Dünya Müharibəsinin başa çatmasının növbəti ildönümü ilə bağlı onlar öz seçki dairələrindən çıxmağa hazırlaşmırlar.
Bundestaqın bəzi üzvləri, hətta Berlin Senatının nümayəndələri hər il olduğu kimi, Berlində sovet döyüşçülərinin abidələrinin önünə əklil qoyulması mərasimində iştirak edirlər. Tədbiri keçmiş SSRİ ölkələrinin səfirliklərinin diplomatları keçirirlər. Ukraynalı diplomatlar əklilləri mayın 8-də, rusiyalılar isə ənənəvi olaraq mayın 9-da qoyurlar.
Hər il mayın 8-də Berlin-Karlhorst Almaniya-Rusiya muzeyi böyük bayram keçirir. Vermaxtın mühəndis qoşunları məktəbinin zabit kazinosunun yerləşdiyi binada mayın 9-na keçən gecə İkinci Dünya Müharibəsində nasist Almaniyasının şərtsiz təsliminə dair akt imzalanıb.
Bayramın proqramına Berlinin Lixtenberq rayonunda Şostakoviç adına uşaq xor musiqi məktəbinin çıxışı, muzeyə alman, rus və ingilis dillərində ekskursiyalar, Qızıl Ordunun ilk onilliyinə həsr olunmuş xüsusi sərgi, "KİV-də müharibənin sonu" hesabatının təqdimatı, "Reyxstaq - ən yaxşı sovet qəniməti" mövzusunda tarixçilərin açıq müzakirələri, ADR-də müharibə mövzusunda çəkilmiş sovet, fransız bədii filmlərinin nümayişi, uşaqlar üçün proqram və s. daxildir. Saat 22:00-da ənənəvi olaraq "Sülhün sağlığına" badə qaldırılır.
Muzeyin direktoru Jorq Morre DW-nin müxbirinə danışıb ki, bayrama əsasən qonşu evlərin sakinləri, uşaqlar, pensiyaçılar gəlir. Berlinin rusdilli sakinləri də az deyil. Onların arasında Almaniyanın paytaxtına köçmüş Böyük Vətən Müharibəsi veteranları da olur. Belarus və Rusiya veteranlarından ibarət nümayəndə heyəti, eləcə də ADR-də yerləşmiş SSRİ qoşunlarının Qərb qrupunun keçmiş hərbçiləri də gəlir.
Morre şikayətlənib ki, bu il Almaniya rəsmilərindən ancaq rayon hakimiyyətinin nümayəndələri iştirak etməyə söz veriblər. Berlinin mədəniyyət məsələləri üzrə senatoru da gəlmək istəyirdi, ancaq başqa işi çıxıb.
"Ola bilsin ki, daxili işlər üzrə senatoru Andreas Qayzel gəlsin", - muzeyin direktoru qeyd edib, "ancaq rəsmi şəxs kimi yox, qonşu kimi, burada yaxınlıqda yaşayır".