Accessibility links

Azərbaycan Ermənistan baş nazirinin Dağlıq Qarabağla bağlı bəyanatını şərh edib


Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

“Bir daha vurğulamaq istəyirik ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud gündəlik əsasında münaqişənin tezliklə həlli üçün substantiv danışıqlara hazırdır”.

Bu barədə Azərbaycan Xartici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlamasına dair şərhində deyilir.

Xatırladaq ki, N.Paşinyan Ermənistanın baş naziri seçiləndən bir gün sonra, mayın 9-da Dağlıq Qarabağa səfər edib. O keçirdiyi birfinqdə bildirib ki, Dağlıq Qarabağ ayrıca subyekt kimi qatılmadan danışıqlar mümkün deyil, güzəştlər, kompromislər barədə yalnız Azərbaycanın Dağlıq Qarabağı tanımağa hazır olmasından sonra danışmaq olar.

“Mən Azərbaycan prezidenti ilə danışıqlarda ancaq Ermənistanı təmsil edə bilərəm. Dağlıq Qarabağı isə onun öz rəhbəri təmsil etməlidir. Əgər Azərbaycan bu məsələnin həllini istəyirsə onu indiki formatda, yəni tərəflərdən birinin danışıqlar masası arxasında olmadığı şəraitdə həll etmək mümkün deyil. Dağlıq Qarabağın adından ancaq onun hakimiyyəti danışa bilər”, Paşinyan qeyd edib.

Azərbaycan Xarişi İşlər Nazirliyinin şərhində deyilir ki, Azərbaycan hələ də ümid edir ki, Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin səhvlərini təkrar etməyəcək, sağlam siyasət yürüdəcək və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün sivil münasibətlər qurmağa çalışacaq.

“Münaqişənin həll edilməsi regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə bilər və bundan da ilk növbədə Ermənistan əhalisi faydalana bilər. Odur ki, top Ermənistanın meydançasındadır və yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur”.

Azərbaycan Xarici İşlər Nazirliyi həmçinin N.Paşinyanın bəyanatını ziddiyyətli adlandırıb.

“Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi agitasiyaya üstünlük verir. Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir.

Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə törədib”, Hacıyev qeyd edib.

O xatırladıb ki, ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk Qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb.

“Münaqişənin siyasi həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.

Mətbuat xidmətinin rəhbəri hesab edir ki, Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan, xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir.

“Dağlıq Qarabağın sakinləri Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər. Bu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində erməni və azərbaycanlı icmalarının sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur”, Xarici İşlər Nazirliyi qeyd edir.

XS
SM
MD
LG