Accessibility links

Fransa və Azərbaycan prezidentləri qarşılıqlı səfər edəcək


Elmar Məmmədyarov və Jan-Iv Lö Drian
Elmar Məmmədyarov və Jan-Iv Lö Drian

Xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycanda rəsmi səfərdə olan Fransa xarici işlər naziri Jan-Iv Lö Drianla görüşündə ikitərəfli münasibətlər, iqtisadi əlaqələr və Dağlıq Qarabağ münasiqşəsi diqqət mərkəzində olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Fransa xarici işlər naziri 1918-ci il 28 mayda bəyan edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan hökumətini və xalqını təbrik edib.

Azərbaycan və Fransa arasında ikitərəfli siyasi və iqtisadi sahədə münasibətlərin inkişafından razı olan tərəflər əlaqələrin daha da dərinləşdirilməsində yüksək səviyyəli səfər mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Hər iki nazir iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu bildirib, Azərbaycan və Fransanın işgüzar dairələri arasında qarşılıqlı şəkildə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinə toxunub və Fransanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına göstərdiyi dəstək yüksək qiymətləndirilib.

Məmmədyarov bu il mayın 15-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdüyünü deyib.

“Münaqişənin həllində irəliləyişə nail olmaq üçün Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən hərbi işğal faktına son qoyulmalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları işğal olunmuş ərazilərdən tam, qeyd-şərtsiz və dərhal çıxarılmalı və məcburi köçkünlərin öz dogma torpaqlarına geri qayıtması təmin edilməlidir. Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”.

Görüş zamanı həmçinin, elm, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında nazir Məmmədyarov bildirib ki, 1997-ci ildən etibarən Fransa xarici işlər naziri Azərbaycana ilk dəfə rəsmi səfərə gəlib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini təntənəli qeyd edir və Fransanın burada rolu vardır.

“Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il 11 yanvarda de-fakto tanınması həyata keçirilib".

Nazir iqtisadi əlaqələrdən danışarkən deyib ki, hazırda Fransanın 50-dən artıq şirkəti Azərbaycanda fəaliyyət göstərir.

“Onların arasında ilk növbədə enerji sahəsində TOTAL Şirkətidir. “ARİANESPACE” şirkəti Azərbaycanın ilk kosmik peykinin buraxılmasında iştirak edib. Digər şirkətlər, məsələn Fransa istehsalı olan “BakuBus” avtobusları Azərbaycanda fəaliyyət göstərir”.

Məmmədyarov görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparıldığını deyib.

“Biz ümidvarıq ki, Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə birlikdə münaqişənin tezliklə həll olunması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün səylərini artıracaqdır”.

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib ki, bu ilin sonunda Fransa prezidenti Emmanuel Makronun Azərbaycana səfəri gözlənilir.

"Bu gün bu bayram ərəfəsində bizim burda olmağımız siyasi hadisədir", o qeyd edib.

Jan-İv Lö Drian Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantının tapılmasına kömək edir.

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün böyük öhdəlikləri var. Mövcud status kvo həll variantı deyil. Biz sülh və regionda stabillik istəyirik. Ümid edirik ki, növbəti aylar ərzində bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də öz əlaqələrimizi davam etdirəcəyik", o qeyd edib.

Fransa xarici işlər naziri Jan-İv Lö Drian prezident İlham Əliyevlə də görüşüb.

Onun sözlərinə görə, bu il iyulun sonunda prezident İlham Əliyevin Parisə səfəri gözlənilir.

"Bu gün prezident İlham Əliyevlə görüşdə də bunu müzakirə etdik", o, Bakıdakı Fransa Universitetində çıxışında bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG