Accessibility links

Elmar Məmmədyarov BMT Baş katibi ilə görüşüb


Elmar Məmmədyarov və Antonio Quttereş
Elmar Məmmədyarov və Antonio Quttereş

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində BMT-nin baş katibi Antonio Quttereşlə görüşüb.

Görüşdə A.Quttereş E. Məmmədyarovu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, baş katib BMT və Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirib, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi dəstək və töhfəni, ilk nöbvədə Bakı prosesi də daxil olmaqla müvəffəqiyyətlə həyata keçirdiyi təşəbbüsləri xüsusilə qeyd edib.

E.Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış təşkilatlarının Azərbaycana dəstəyinin, xüsusilə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın humanitar problemlərinin həll edilməsi məqsədilə göstərdiyi yardımların yüksək qiymətləndirildiyini bildirib.

Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə məlumat verən nazir ölkədə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar, qeyri-neft sektorunun inkişafı, Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən irimiqyaslı, trans-regional nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat marşrutları və Cənub Qaz Dəhlizi layihəsi barədə danışıb.

O, Azərbaycanın BMT baş katibinin BMT sisteminin islahatı və BMT-nin münaqişələrin qarşısının alınması və həlli məsələlərində rolunun artırılması istiqamətində səylərini dəstəklədiyini nəzərə çatdıraraq, bütün üzv dövlətlər tərəfindən BMT Nizamnaməsi əsasında üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsinin vacibliyinə diqqəti çəkib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Ermənistanın beynəlxalq hüquqa zidd şəkildə Azərbaycana qarşı gücdən istifadə etdiyini və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini qeyd edərək münaqişənin regional sülhə və regionun hərtərəfli inkişafına ciddi təhdid yaratdığını vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin münaqişənin həllinin əsasını təşkil etdiyini deyərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz dogma torpaqlarına qayıtmasının təmin edilməsi üçün beynəlxalq səylərin artırılmasının zəruriliyinə diqqəti çəkib. E.Məmmədyarov BMT baş katibinin davamlı əsasda bəyanatlarla çıxış edərək münaqişənin həlli üzrə substantiv danışıqları dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

XS
SM
MD
LG