Accessibility links

İlham Əliyev Ramazan bayramı münasibətilə xalqı təbrik edib


Azərbaycan prezidenti İlham Əliyev Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir ki, orucluq mərasimləri hər il cəmiyyətdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir.

“Bu mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini minnətdarlıqla yad edirəm”.

Prezident bildirib ki, builki Ramazan günləri müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley təntənələri ilə bir vaxta təsadüf edir.

“Müstəqil dövlətçiliyimizin bərpasından sonra ölkədə mütərəqqi islami dəyərlərin bərqərar edilməsi cəmiyyətimizin mənəvi-əxlaqi yüksəlişinə təkan vermiş, öz milli köklərinə daim sadiq qalan xalqımızın bütövlüyünü, vəhdətini və həmrəyliyini daha da gücləndirmişdir. Bu gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda Azərbaycanın oğul və qızlarının sarsılmaz mübarizə əzmi və yüksək vətənpərvərliyi tarixi ənənəyə və milli-mənəvi dəyərlərə bağlılığın bariz nümunəsidir”, o qeyd edib.

Azərbaycanda Ramazan bayramı iyunun 15-də qeyd ediləcək. Ölkədə bayram günləri daxil olmaqla, 5 gün iş olmayacaq.

XS
SM
MD
LG