Accessibility links

Prezident dövlət komissiyası yaradıb


Elektrik xətti
Elektrik xətti

Mingəçevridəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar olaraq Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev iyulun 3-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda vuruqlanır ki, iyulun 3-də Mingəçevirdə "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.

Prezident baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə dövlət komissiyasının yaradılmasına qərar verib.

Sərəncama əsasən Baş nazirin birinci müavini Yagub Eyyubov komissiyanın sədri təyin edilib.

Energetika naziri komissiya sədrinin müavini, daxili işlər, fövqəladə hallar nazirləri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru komissiyanın üzvləri təyin olunublar.

Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq, prezidentə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək tapşırılıb.

Sərəncamla həmçinin hüquq mühafizə qurumlarının üzərinə baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi vəzifəsi qoyulub.

XS
SM
MD
LG