Accessibility links

Hikmət Hacıyev: Azərbaycan münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir [Video]


Hikmət Hacıyev: Azərbaycan münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Hikmət Hacıyev: Azərbaycan münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir

Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri brifinq keçirib

İyulun 11-də axşam saatlarında Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi brifinqdə deyib ki, danışıqlar prosesinin gündəliyi və formatı bəllidir.

"Bu, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Azərbaycan davamlı sülhü və münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir".

Onun sözlərinə görə, hələlik Azərbaycan və Ermənistanın birinci şəxslərinin görüşü gündəlikdə deyil.

Hacıyev deyib ki, dörd il öncə Ermənistan tərəfindən həbsə məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz şəkildə girov saxlanılması Azərbaycan tərəfinin hiddətinə səbəb olur.

“Ermənistan onların dərhal azad edilməsi barədə tələblərə məhəl qoymur. Ermənistan bütün beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Bu da münaqişənin həlli ilə bağlı danışıqlara və sülh yolu ilə həll prosesinə ciddi zərər vurur. Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün bütün zəruri addımları atacaq”, mətbuat katibi bildirib.

2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev ermənilərin nəzarətində olan Azərbaycanın Kəlbəcər rayonuna, öz ata-baba yurdlarına gedib. Bu zaman Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb.

D. Əsgərov ömürlük və Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsinə də münasibət bildirib

“Bu siyasi şouya çevrilib”, o qeyd edib.

Mətbuat katibi hesab edir ki, Paşinyan hökuməti bu yolla reytinqini və cəmiyyətdə nüfuzunu qorumağa çalışır.

“Paşinyan hökumətinin yüz günü yaxınlaşır. Bu yüz gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində işlər görmək əvəzinə, bu cür yolla öz reytinqlərini saxlamaq istəyirlər”, o qeyd edib.

“Bu əməllər regionda sülhün təminatına xidmət etmir”, Hacıyev əlavə edib.

Mətbuat xidmətinin rəhbəri bu gün prezident İlham Əliyevin NATO sammiti çərçivəsində Brüsseldə bir sıra görüşlər keçirəcəyini bildirib.

“Sammit çərçivəsində İlham Əliyev və Avropa İttifaqı rəhbərliyi arasında görüş keçiriləcək. Görüş zamanı Aİ və Azərbaycan arasında "Yeni tərəfdaşlıq prioritetləri" adlı sənədin paraflanması gözlənilir”, o qeyd edib.

XS
SM
MD
LG