Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan və Türkiyə dərin və faydalı əməkdaşlıq edir [Video]


Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu
Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu

Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşüb

İyulun 24-də Bakıda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib.

Görüşün yekunlarına dair keçirilən birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və Türkiyə bir çox məsələlərdə dərin və faydalı əməkdaşlıq edir. Nazirlər həmçinin beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında əməkdaşlıq məsələlərini müzakirə edib.

Elmar Məmmədyarov: Azərbaycan və Türkiyə dərin və faydalı əməkdaşlıq edir
please wait

No media source currently available

0:00 0:04:20 0:00

“Biz bir çox məsələləri müzakirə etdik. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə toxunduq ki, bu layihə üzrə işlərimizi daha da genişləndirək. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyaya ən qısa yoldur. Məsələn, Əfqanıstana yük daşıma məsələsində mühüm rolu olacaq. Ümidvarıq ki, bu il bu yoldan istifadə ediləcək", o qeyd edib.

Məmmədyarov deyib ki, görüşdə Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambeyasında daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun iştirakı ilə Avropa Şurası ilə münasibətlərin gələcək perspektivləri barədə firkir mübadiləsi aparılıb.

Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu

Öz növbəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan və Türkiyə qardaş dövlətlərdir.

“Biz qardaşıq. Gözəl ənənələrimiz var. Bunlardan biri də odur ki, hər iki ölkədə keçirilən seçkilərdən sonra ilk ziyarətlər Azərbaycana, Türkiyəyə edilir”.

Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin sədri və müdafiə naziri də ilk səfərlərini Azərbaycana edəcək.

Çavuşoğlu Məmmədyarovla görüşdə mühüm regional layihələri, bölgədə təhlükəsizlik və sabitlik məsələlərini müzakirə etdiklərini bildirib. Azərbaycan və Türkiyə regionun bütün layihələrinin mərkəzindədir.

“Bakı-Tiflis-Qars strateji layihədir. İndi hamı bu layihəyə qoşulmaq istəyir. Yaxın gələcəkdə TAP layihəsi vasitəsilə Azərbaycan qazı Avropa ölkələrinə nəql olunacaq. Hər ötən gün qardaşlığımızı və beynəlxalq əməkdaşlığımızı gücləndirəcəyik”.

Nazirin fikrincə, iki qardaş ölkənin əməkdaşlığı enerji sahəsində daha da genişlənir və dərinləşir.

"Biz bütün sahələrdə sıx əməkdaşlıq edirik, həmçinin Avropa Şurası Parlament Assambleyasında. Baxmayaraq ki, bu qurum öz etibarını və nüfuzunu getdikcə itirir. Avropa Şurası Parlament Assambleyasında baş verənləri, bununla bağlı atacağımız addımları müzakirə etdik”.

Mövlud Çavuşoğlu suallara cavabda deyib ki, Türkiyə İrana qarşı sanksiyaların əleyhinədir.

“Vaxtilə Avropa İttifaqı da Rusiyaya qarşı sanksiya tətbiq edib, amma biz buna qoşulmadıq. Bunları doğru hesab etmirik”.

O, jurnalistlərin "ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verərsə, İranla bağlı mövqedə dəyişiklik ola bilərmi?" sualının cavabında deyib ki, “ABŞ Fətullah Güləni Türkiyəyə verdiyi zaman Türkiyə bu fikrindən əl çəkəcək” kimi söhbət ola bilməz.

“Onlar Fətullah Güləni bizə verməlidir, biz müttəfiqik və bunu başqa şərtlə bağlamaq olmaz. İranın küncə sıxışdırılmasını və ABŞ-ın İranla bağlı nüvə sazişindən çıxmasını da doğru hesab etmirik. Bu yaxınlarda ABŞ-dan Türkiyəyə bir heyət gəldi. Onlara da dedik ki, biz nefti İrandan almasaq, o ehtiyacımızı haradan qarşılayacağıq? İranla fərqli baxışlarımız ola bilər, amma sanksiyaları düzgün hesab etmirik”, o vurğulayıb.

Türkiyə xarici işlər naziri deyib ki, Azərbaycan FETÖ ilə bağlı Türkiyəyə ən güclü dəstək verən ölkələrin başında durur.

“FETÖ bir çox ölkədə məktəb açıb və bu məktəblər sayəsində həmin ölkələrdəki bütün qurumlara sızmağa çalışıb. FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik. Azərbaycan da bu məktəbləri bizim “Maarif” Vəqfinə verə bilər”, o qeyd edib.

Türkiyə xarici işər naziri FETÖ məktəbləri ilə bağlı məsələdə Qırğızıstan hökumətinin və digər bəzi ölkələrin baxışlarını tənqid edib. Amma digər ölkələrin adını sadalamayıb.

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Jurnalistlərin sualının cavabında Azərbaycan xarici işlər naziri bildirib ki, Ermənistan xarici işlər naziri ilə növbəti görüşü planlaşdırılır.

“Vaxt lazımdır ki, həmsədrlər hər şeyi dərindən öyrənsin. Amma artıq razılığa gəlmişik ki, sentyabrda növbəti görüş olsun. Təklif var idi ki, BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclası çərçivəsində ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun. O ki qaldı yüksək səviyyəli - baş nazir və prezidentin görüşünə, Ermənistan tərəfi danışıqlar prosesi ilə tanış olmaq üçün vaxt istəyib”, o vurğulayıb.

Mətbuat konfransında Türkiyə xarici işlər nazirinin Ermənistan baş naziri və xarici işlər nazirini təbrik etməsinə də toxunulub.

“NATO sammiti zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdüm. Mən onu Avropa Şurasında Ermənistan təmsilçisi kimi tanıyırdım. Onu xarici işlər naziri təyin olunması münasibətilə təbrik etdim. Z.Mnatsakanyanın yanında baş nazir Nikol Paşinyan da var idi. Mən onu da Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik etdim. Bu təbriklər bizim Azərbaycan, Qarabağla bağlı siyasətimizin dəyişməsi anlamına gəlmir. Bizim mövqeyimiz bəllidir: Azərbaycanın qəbul etdiyi istənilən qərarı dəstəkləyirik”, Türkiyə xarici işlər naziri qeyd edib.

XS
SM
MD
LG