Accessibility links

Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanıb


Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.

AZƏRTAC agentliyinin məlumatına görə, toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edib.

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb.

Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb.

1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş" imzalanıb.

2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalır.

Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.

Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır.

İlham Əliyev
İlham Əliyev

İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xarici ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir.

Bununla yanaşı, tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, terrorizmə, qaçaqmalçılığa qarşı birgə mübarizə ilə bağlı razılıqlar əldə ediblər.

Göründüyü kimi dənizin şimalında Rusiya, Qazaxıstan və Azərbaycan müəyyən razılıqlar əldə etsə də cənub hissəsində problemlər qalmaqdadır. Belə ki, Azərbaycan, İran və Türkmənistan arasında dəniz dibinin bölünməsi ilə bağlı problemlər hələ həllini tapmayıb. Eyni zamanda, Türkmənistanın İranın bölgü prinsipi ilə də problemləri yaşanır. Azərbaycan təklif edib ki, Xəzərin hüququ statusu tam həllini tapanadək Türkmənistan və İranla mübahisə doğuran neft-qaz yataqlarında hər hansı iş aparılmasın.

2018-ci ilin aprelində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanacağını bəyan edib.

Azərbaycan xarici işlər nazirnin müavini, Azərbaycanın Xəzərin hüquqi statusu üzrə işçi qrupunun rəhbəri Xələf Xələfov 2017-ci ilin dekabrında bildirib ki, konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir.

“Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur", Xələfov qeyd edib.

Nazir müavinin sözlərinə görə, dənizin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektorlara bölünür.

"Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin və trans xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular və digər trans xətlər çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq. Dənizlərin sektorlara bölünməsi ilə bağlı beynəlxalq hüququn müvafiq anlayışları var. Burada materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə alınır. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq", o qeyd edib.

Nazir müavinin dediyinə görə, konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülüb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG