Accessibility links

DAS Berlində Angela Merkelin iqamətgahı qarşısında aksiya keçirib


DAS Berlində Angela Merkelin iqamətgahı qarşısında aksiya keçirib

Avqustun 22-də "Demokratik Azərbaycanı Seç" (DAS) ictimai-siyasi təşkilatı Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri ilə bağlı onun Berlindəki iqamətgahının qarşısında aksiya keçirib. Aksiya qurumun facebook səhifəsində canlı yayımlanıb.

Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq!”, “Kürü diplomatiyasına yox!”, “İnsan hüquqlarını neft maraqlarına qurban verməyin!” şüarları qaldırıb. İştirakçılar siyasi məhbus hesab etdikləri şəxslərin, o cümlədən həbsdə olan jurnalist və blogerlərin portretlərini, həmçinin korrupsiyada adları hallanan bir sıra məmurların ifşaedici fotolarını qaldırıb.

Çıxışlarda Azərbaycanın hazırkli iqtidarının ünvanına kəskin tənqidlər səslənib və Angela Merkeldən Azərbaycana səfəri zamanı insan hüquqları, demokratiya, media azadlığı, korrupsiya, siyasi məhbuslar və mühacirlərə təzyiqlərə son verilməsi kimi məsələləri dövlət başçısının qarşısında qaldırması xahiş edilib. Bununla yanaşı, bütün çıxışlarda xanım Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini diqqət mərkəzində saxlaması xahiş edilib.

Aksiya Almaniya kanslerinə müraciətin oxunması ilə başa çatıb. Müraciətdə də çıxışlarda sadalanan məsələlər yer alıb.

Angela Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə regional səfərə çıxacaq. A.Merkel avqustun 25-də Azərbaycana gələcək.

“Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı 3 iyun 2018-ci ildə Almaniyada yaşayan bir qrup mühacir azərbaycanlılar tərəfindən təsis edilib.

XS
SM
MD
LG