Accessibility links

Nyu-Yorkda GUAM-Yaponiya Nazirlər görüşü olub


Nyu-Yorkda GUAM-Yaponiya Nazirlər görüşü
Nyu-Yorkda GUAM-Yaponiya Nazirlər görüşü

Sentyabrın 24-də BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda 6-cı GUAM -Yaponiya Nazirlər görüşü olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüşdə xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib.

“GUAM-Yaponiya Mətbuat Açıqlaması”nda deyilir ki, tərəflər BMT Nizamnaməsində əks olunan prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini bir daha təsdiq edib və GUAM məkanındakı münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında tezliklə həllinə yönəlik beynəlxalq səylərinin əhəmiyyətini vurğulayıb.

Həmçinin, tərəflər regional və regionlararası müstəvilərdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan genişləndirilmiş GUAM-Yaponiya əməkdaşlığının mühüm əhəmiyyətini vurğulayıb və əlaqələri gələcəkdə daha da genişləndirmək və möhkəmləndirməyə davam edəcəkləri öhdəliklərini bir daha təsdiq edib.

Hər iki tərəf yalnız GUAM-Yaponiya əməkdaşlığı üzrə deyil, həmçinin bir sıra regional və qlobal məsələlər üzrə yüksək səviyyəli dialoqu qoruyub saxlamaqda maraqlı və hazır olduqlarını bir daha təsdiq edib.

Nazir Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın Yaponiya ilə güclü münasibətləri var.

“Lakin biz burada durmamalıyıq. Biz daha çoxunu etməliyik. Həm Azərbaycan, həm də GUAM-dakı digər tərəfdaşlarımız. Yaponiya kimi dost və tərəfdaş ölkə ilə məsafənin heç bir əhəmiyyəti yoxdur”, o qeyd edib.

XS
SM
MD
LG