Accessibility links

Hikmət Hacıyev: Danışıqlar prosesinin formatı dəyişilməz qalır


Hikmət Hacıyev

“MDB dövlət başçılarının Düşənbədə keçirilmiş zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub”.

Bu barədə Azərbaycanın Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev Düşənbədə prezident İlham Əliyev ilə Ermənistanın baş naziri arasındakı söhbətlə bağlı AZƏRTAC dövlət agentliyinə bildirib.

Onun fikrincə, iki ölkə başçıları arasında baş tutan söhbət bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışıqlar məhz Ermənistan və Azərbaycan arasında aparılır.

“Onu da əlavə etmək istərdim ki, eyni format çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilib. Biz bunu müsbət qarşılayırıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişənin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırdır. Bu Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir”, o qeyd edib.

Hacıyev Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsi ilə bağlı bildirib ki, atəşkəsin pozulmasının əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu və hərbi işğal faktının davam etməsidir.

“BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə nəinki hərbi risk amili aradan qalxmış olar, heç atəşkəs rejiminə ehtiyac belə qalmaz və münaqişənin siyasi həlli üçün hərtərəfli imkanlar açılar. Bununla da regionda dayanıqlı sülh, sabitlik və təhlükəsizlik təmin olunar”, o qeyd edib.

Ermənistan tərəfi Azərbaycan rəsmisinin dediklərinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG