Accessibility links

Elmar Məmmədyarov: Görüşlər münaqişənin həllində irəli getmək imkanları barədə müsbət impuls verir


Elmar Məmmədyarov

Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışnda deyib.

E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir.

Azərbaycan substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır.

"Erməni həmkarımla keçirdiyim iki görüş, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir. Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir. Azərbaycan, öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır", nazir qeyd edib.

Nazir bildirib ki, 2018-ci il Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq gündəliyinin inkişaf etdirilməsi baxımından çox məhsuldar bir ildir.

"Bu yaxınlarda Azərbaycan-Aİ Tərəfdaşlığı Prioritetləri sənədinin qəbul olunması ikitərəfli əlaqələrimizdə ən mühüm mərhələdir. Biz Avropa İttifaqı ilə orta və uzunmüddətli perspektivdə fəaliyyət göstərmək istərdik”.

Onun sözlərinə görə Aİ hələ də Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkənin xarici ticarət dövriyyəsinin 50%-ə yaxını onun payına düşür.

Azərbaycanda fəaliyyət göstərən Aİ mənşəli 1500-dən çox şirkət var.

“Aİ son bir neçə ildə Azərbaycan iqtisadiyyatına 15 milyard dollardan artıq sərmayə qoyub. Azərbaycanda fəaliyyət göstərən Aİ mənşəli 1500-dən çox şirkət var”.

Nazir vurğulayıb ki, ticarət cəbhəsində bağlılıq ŞT-nin həm ikitərəfli, həm də çoxtərəfli strateji əməkdaşlığının əsasını təşkil edir. Məmmədyarov bu arada regional neft, qaz və nəqliyyat dəhlizi layihələrindən danışıb.

“Biz Cənub Qaz Dəhlizinin tədricən coğrafi genişləndirilməsi üzərində ciddi düşünür və əslində bunun üzərində çalışırıq. Bu yalnız TAP layihəsi ilə bağlı deyil. Əminik ki, bu uzunmüddətli enerji təminatını həyata keçirəcək və təbii qazın Avropada bərpa olunan enerji mənbələri ilə təmiz və davamlı birləşmə rolunu gücləndirəcək".

Onun firkincə Azərbaycan regionda, o cümlədən Aİ-nin qonşuluğunda yerləşən bir sıra əsas nəqliyyat layihələrinin memarıdır.

“Biz tərəfdaşlarımızla birlikdə Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərini təşviq edirik. Şərq-Qərb Dəhlizi Aİ-Çin Uzlaşma Platforması, Aİ-nin Orta Asiya üzrə Strategiyası və Aİ-nin Avropa və Asiyanın birləşdirilməsi üzrə sonuncu Birgə Uzlaşma Kommunikasiya sənədi ilə sıx əlaqəlidir.Cənub-Qərb Dəhlizinin inşası başa çatdıqdan sonra Aİ ilə Hindistan və İran kimi bazarlar arasında ticarət əlaqələri artacaq”.

Nazir bildirib ki, Azərbaycan etibarlı genişzolaqlı rəqəmsal əlaqələrin regional şəbəkəsinin yaradılması ilə bağlı iş görür.

“Biz TASİM adlı Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsini təşviq edən və onun təşəbbüskarıyıq”.

Onun fikrincə insanlar arasında hərəkətlilik və qarşılıqlı təmasların təşviqi daha da inkişaf etdirilməlidir.

Biz Aİ və Azərbaycan arasında readmissiya və viza sadələşdirilməsi razılaşmalarının uğurla həyata keçirilməsinə xüsui əhəmiyyət veririk.

“Biz Aİ və Azərbaycan arasında readmissiya və viza sadələşdirilməsi razılaşmalarının uğurla həyata keçirilməsinə xüsui əhəmiyyət veririk və bu Aİ ilə Azərbaycan arsında viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlaması üçün əsas yaradacaq".

Məmmədyarov təhlükəsizlik məsələlərindən danlışarkən deyib ki, müasir beynəlxalq durum ticarət sahəsində çaxnaşmalar, kiber hücumlar və qeyri-sabit siyasət kimi çağırışlarla üzləşir.

“Şərq Tərəfdaşlığının coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən həlli uzadılmış hərbi münaqişələrin həlli olmadan əsl sabitlik düşünülə bilməz. Şübhə yoxdur ki, Aİ-nin regionda münasibətlərinin və Şərq Tərəfdaşlığının gələcəyinin uğurlu olması beynəlxalq hüququn təməl prinsiplərinə riayət edilməsi və təhlükəsizliyin təmin olunması ilə sıx bağlıdır”, o qeyd edib.

XS
SM
MD
LG