Accessibility links

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir


Azərbaycan bayrağı

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir. Bayraq Günü dövlət bayramıdır və ölkədə iş günü deyil.

Azərbaycan bayrağı 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib.

7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında deyib: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

"Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

Məhəmməd Əmin Rəsulzadə

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilib. Bundan sonra Azərbaycanın dövlət bayrağı Sovet Rusiyasının atributlarına uyğunlaşdırılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın üçrəngli bayrağı xaricdə immiqrant təşkilatlar tərəfindən istifadə olunub.

İkinci Dünya Müharinəsi illərində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Üçüncü Reyx tərəfdə döyüşən Azərbaycan legionu tərəfindən istifadə olunub. Azərbaycan legionunun işarəsi olaraq bayraq həm də döyüşçülərin qol embleminin üzərində əks olunub.

1956-cı il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü Xalq Cümhuriyyətinin süqutundan sonra ilk dəfə Cahid Hilaloğlu adlı şəxs tərəfindən üşrəngli bayraq Bakıda Qız Qalasının üzərinə sancılıb. Bundan sonra Hilaloğlu antisovet təbliğat və təşviqatında günahlandırılaraq 10 il həbsə məhkum edilib.

Nəhayət Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı 1980-cı illərin sonlarında Azərbaycan Xalq Cəbhəsinin bayrağı olaraq milli azadlıq hərəkatının kütləvi tədbirlərində istifadə olunmağa başlanıb. Üçrənglii bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən isə hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

XS
SM
MD
LG