“Milli Şura və AXCP olaraq bəyan edirik ki, hətta bizim üçün ən böyük itkilərdən sayıla biləcək siyasi liderlərimizin həbsi də bizi Əliyev rejiminə qarşı açıq və prinsipial mübarizəmizdən yayındıra bilməyəcək. AXCP sıralarında hal-hazırda 16 siyasi məhbus var, bu məhbusların sayının 56 olması belə Azərbaycanda rejim dəyişikliyinin və demokratiyanın qələbəsinin qarşısını ala bilməyəcək”. Bu barədə Milli Şuranın bəyanatında deyilir.
Sənəddə bildirlir ki, 17 noyabr 2018-ci ildə Milli Şuranın Şəhidlər Xiyabanında Milli Dirçəliş Günü münasibətilə keçirdiyi ziyarətə kobud və qanunsuz polis müdaxiləsi olub.
“Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli də daxil çox sayda Milli Şura və AXCP fəalı saxlanılıb. Dəqiqləşməmiş məlumatlara görə saxlananların sayı 40 nəfərə yaxındır. Axşam saatlarınadək saxlanılan əqidə dostlarımız, o cümlədən Cəmil Həsənli və Əli Kərimli haqqında heç bir məlumat əldə edə bilməmişik. Onların ailələri və vəkillə əlaqəsinə maneə yaradılır. Biz aralarında yaşlı insanlar və qadınlar da olan saxlanılanların səhhətindən də narahatır”, sənəddə deyilir.
Milli Şura bəyan edir ki, Azərbaycan tarixinin ən önəmli bayramlarının birində- Milli Dirçəliş günündə Azərbaycan vətəndaşlarının Şəhidlər Xiyabanını ziyarət edərək vətənin azadlığı uğrunda canını qurban vermiş şəhidlərin xatirəsini anmasına polis tərəfindən güc tətbiq etməklə kobud müdaxilə edilməsi Azərbaycan hakimiyyətinin antimilli mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur.
“Ölkənin əsas müxalifət təşkilatlarının – Milli Şuranın və AXCP-nin liderlərinin həbsi Azərbaycan hakimiyyətinin ölkəni hətta avtoritarizm standartlarından da aşağı salaraq sərt diktatura rejimi qurmaq, ölkəni Şimali Koreyaya, Türkmənistana çevirmək istiqamətində ardıcıl fəaliyyətinə əyani bir sübutdur”, Milli Şura bildirir.
Öz növbəsində rəsmi qurumlardan müxalifət liderlərinin və fəalların saxlanılmasının səbəbələri ilə bağlı hələ məlumat yalmaq mümkün olmayıb.