Accessibility links

Müsavat Partiyası beynəlxalq ictimaiyyəti siyasi məhbusların azadlığa buraxılması üçün kampaniyaya başlamağa səsləyir


Siyasi məhbuskların azadlığı ilə bağlı aksiya
Siyasi məhbuskların azadlığı ilə bağlı aksiya

Müsavat Partiyası ölkədə onlarla siyasi məhbusun olduğunu bildirir. Rəsmi Bakı isə siyasi məqsədlərlə həbs olmadığını deyir

“Müsavat Partiyasının Məclisi yerli və beynəlxalq ictimaiyyəti Azərbaycanda siyasi məhbuslar probleminə diqqəti azaltmamağa, siyasi motivlərlə həbsdə saxlanan günahsız insanların dərhal azadlığa buraxılması üçün yeni kampaniyalara başlamağa səsləyir”.

Bu barədə Müsavat Partiyasının Məclisi siyasi məhbuslarla bağlı yaydığı bəyanatda deyilir.

Sənədə görə, Azərbaycan hakimiyyəti cəmiyyəti xof içində saxlamaq üçün repressiyaları davam etdirməkdədir.

“Təcrübə göstərir ki, Azərbaycan hakimiyyəti öz üzərində ciddi təzyiq hiss etmədikcə siyasi məhbusları azadlığa buraxmır, əksinə, siyasi motivli həbsləri və repressiyanı davam etdirir. Bu məsələdə dövlətin imici, milli-mənəvi dəyərlər və humanizm prinsipləri hakimiyyəti maraqlandırmır.

Ehtiyatsızlıq üzündən qəza törənməsinə görə Müsavat Məclisinin üzvü Nigar Yaqublu barəsində istintaq dövründə həbs qətimkan tədbirinin seçilməsi qeyd olunanları təsdiqləyir. Nigar Yaqubludan başqa eyni hadisəni törətmiş heç bir Azərbaycan xanımı barəsində bu vaxta qədər istintaq dövründə həbs qətimkan tədbirinin seçilməməsi onun siyasi məhbus olmasını təsdiqləyir.

Avropa Şurasında siyasi məhbus meyarları müəyyənləşdikdən sonra da hakimiyyət nümayəndələri müxtəlif bəhanələrlə siyasi məhbus məsələsinin birdəfəlik həllinə qərar verməkdə çətinlik çəkirlər. Bu səbəblərdən hələ də günahsız yerə cəza çəkən siyasi məhbusların azadlığına nail olmaq üçün səyləri davam etdirmək lazımdır.

İctimai Palatanın 2011-ci ildə keçirdiyi aksiyalara görə tutulan AXCP üzvü Şahin Həsənli və hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə yanaşı jurnalistlər, hüquq müdafiəçiləri, hicab probleminə etiraz edən xeyli sayda inanclı, Quba və Sabirabadda siyasi tələblərlə çıxış edən vətəndaşlar, bütövlükdə 70-ə qədər şəxs həbsdədir.

Müsavat Partiyasının Məclisi qeyd olunan haqsızlıq və qanunsuzluqları qətiyyətlə pisləyir, hakimiyyətdən bu özbaşınalığa son qoyulmasını və siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir.

Öz növbəsində, rəsmi Bakı siyasi motivlərlə insanların həbs edilmədiyini bildirir. Hakimiyyət rəsmiləri Azərbaycanın hüquqi dövlət olduğunu və hər kəsin törətdiyi əmələ görə hüquq daxilində cəzalandırıldığını deyir.
XS
SM
MD
LG