Accessibility links

"Mehman Hüseynovla bağlı kampaniyanın məqsədi Azərbaycana təzyiq göstərməkdir"


Siyavuş Novruzov
Siyavuş Novruzov

“Ümumiyyətlə, Mehman Hüseynov heç vaxt jurnalist fəaliyyəti göstərməyib, onun kimilərinin məqsədi yalnız Azərbaycan haqqında mənfi rəy yaratmaq olub”. Bunu Trend agentliyinə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Mehman Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu:

“Onun qardaşı Emin Hüseynov da bir müddət İsveçrənin Bakıdakı səfirliyində yaşadı, sonra İsveçrəyə getdi. Yəni bu adamların məqsədi dövlətə, xalqa xidmət deyil, ölkəmiz, dövlətçiliyimiz, xalqımız haqqında mənfi informasiya yaymaqdır”.

Viktoriya Nulandın "uşaqları"nın çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı.
Siyavuş Novruzov

Siyavuş Novruzov bildirib ki, kim hansı əməli törədibsə, cəzasını almalıdır: “Mehman Hüseynov da cinayət törədib, eyni zamanda, vəzifəsini yerinə yetirən zabitə qarşı zor tətbiq edib. Kim olursa-olsun, cinayət törədibsə, mütləq cəzasını almalıdır. Hər kəs qanun qarşısında birdir və törətdiyi cinayətə görə cəzasını almalıdır”.

YAP İcra katibinin müavini vurğulayıb ki, antimilli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniyaya başlamaq üçün fürsət kimi istifadə edirlər: “Bu kampaniyanın arxasında kimlərin durduğu, əslində məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoriya Nulandın "uşaqları"nın çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan “The Washington Post” qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü”.

Millət vəkilinin sözlərinə görə, antimilli şəbəkə və onların xaricdəki havadarları unutsalar da, dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq dilində danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu güzəştə məcbur etmək mümkün deyil.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir. Blogerin aclıq aksiyasına ictimaiyyət də dəstək verməkdədir. Hazırda ondan çox insan Hüseynova dəstək məqsədi ilə aclıq edir.

Blogerə qarşı yeni cinaytət işinin qaldırılması beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərlə qarşılanıb. ABŞ Senatoru Marko Rubio, Sərhədsiz Reportyorlar Təşkilatı, PEN Amerika (Amerika Yazıçılar Birliyi), AŞPA-nin Azərbaycan üzrə məruzəçiləri, AŞPA-nin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, Avropa Şurasının insan hüquqları üzrə komissarı və digərləri bəyanatlarla çıxış edib. Washington Post qəzeti yanvarın 5-də redaksiya məqaləsini Mehman Hüseynova həsr edib.

Bloger Mehman Hüseynov
Bloger Mehman Hüseynov

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG