Accessibility links

Siyavuş Novruzov istefa ərizəsi yazıb


Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın sədri İlham Əliyevə tutduğu vəzifədən istefasını qəbul etməsini xahiş edib.

Bu barədə avqustun 24-də YAP-ın rəsmi saytında məlumat yayılıb.

YAP sədrinin Novruzovun istefasını qəbul edib-etməməsi barədə hələ məlumat yayılmayıb.

Öz növbəsində Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov özünün Facebook səhifəsində yazıb ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda ailəlikcə iştirak edərək karantin qaydalarının pozulmasına yol verib:

"Bu səbəbdən təmsil olunduğum Yeni Azərbaycan Partiyası tərəfindən mənə töhmət elan edilmişdir və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə olunmuşuq”.

Deputat bundan əlavə yazıb: “Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm prezident İlham Əliyevin adını çəkdiyinə görə, toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram. Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir.”

Siyavuş Novruzovun qeyd etdiyinə görə, hətta məclis zamanı Ramiz Mehdiyevin “cənab prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməsi də həqiqəti əks etdirmir:

“Yəni cənab prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar," o qeyd edib.

Novruzov vurğulayıb ki, Ramiz Mehdiyevlə uzun illər ərzində fəaliyyəti zamanı münasibətləri kifayət qədər soyuq olub.

"Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir," o qeyd edib.

Hələlik, AMEA-nın prezidenti Ramiz Mehdiyevin özündən münasibət almaq mümkün olmayıb.

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev qızına toy edib. Sosial şəbəkələrdə həmin toyla bağlı videolar yayılıb. İnsanlar həmin videoları sərt tənqid edib və toyda iştirak edənlərin cəzalanmasını tələb edib. Həmin məclisdə hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzov və onun xanımı, ombudsman Səbinə Əliyevanın da iştirak etdiyi bildirilir.

Yerli saytların məlumatına görə, adıçəkilən şəxslərdən bəzisi toyda iştirakını inkar etməyib.

Rəsmi məlumat

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, Milli Elmlər Akademiyasının müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə, onun həyat yoldaşı Aysel Adıgözəlzadə, Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, onun həyat yoldaşı, ombudsman Səbinə Əliyeva və daha 17 nəfər Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy şənliyində iştirak etdiyinə görə cərimələnib.

Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin yerli mediaya verdiyi məlumata görə, onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilib.

Eyni zamanda, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunublar. Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martdan bəri toylara qadağa qoyulub.

İctimai siyasi xadimlər, deputatlar, fəallar nə deyir ?

İctimai fəal Bəxtiyar Hacıyev bildirir ki, karantin dövründə Nazirlər Kabinetinin qərarları, məhdudiyyətləri kasıb, sadə xalqa ən sərt şəkildə tətbiq edilirsə, uzun müddət dövlət qulluğunda olan, dövlətçilikdən danışan məmurların və bu qanunları qəbul edən Milli Məclis üzvlərinin qanunları pozması təbii ki, cəmiyyətdə birmənalı, xoş qarşılanmamalıdır. Bu qaydaları pozan hamı, o cümlədən məlum toyda iştirak edən, onu təşkil edən şəxslər cəzalandırılmalıdır.

O hesab edir ki, hakimiyyət daxilində həm də siyasi çəkişmə gedir.

Siyasi şərhçi Azər Qasımlı isə hesab edir ki, karantin qaydasının Ramiz Meydiyevin komandası tərəfindən pozulması və sonra onların cərimələnməsi - hakimiyyətdaxili qarşıdurmanın təzahürüdür.

“Hüquqi dövlətdə qanunun qarantı prezident yox, icra hakimiyyətindən asılı olmayan müstəqil hüquqi sistemin özüdür. Bir nəfərdən asılı sistem qanuni ola və qanun qarşısında bərabərliyi təmin edə bilməz. Bu hal hüquqi dövlətin ruhuna ziddir.

Karantin qaydasının Ramiz Meydiyevin komandası tərəfindən pozulması və sonra onların cərimələnməsi - hakimiyyətdaxili qarşıdurmanın təzahürüdür. Qanunun aliliyi prinsipi ilə heç bir əlaqəsi yoxdur, çünki bizdə o yoxdur.”

Milli Məclisin deputatı Məlahət Həsənova isə bildirirb ki, ölkədə prezidentin rəhbərliyi ilə koronavirusa qarşı çox ciddi və yüksək səviyyədə mübarizə aparıldığı bir zamanda vəzifəli adamların Operativ Qərargahın qaydalarını heçə sayılaraq, qanunların pozulması qətiyyən yolverilməzdir.

Ramiz Mehdiyev​dən şərh almaq mümkün olmayıb

İctimai fəalın, deputatın fikirlərinə Ramiz Mehdiyev, onun yaxınları və rəsmi qurumlar hələ münasibət bildirməyib.

Bununla yanaşı, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildikdən sonra bir sıra ictimai-siyasi şəxslər onunla bağlı tənqidi məqalələrlə çıxış edib.

Mehdiyev bu il iyulun 8-də həmin tənqidlərə cavab olaraq bildirib ki, Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyi dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir.

“Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir. Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünkü inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidqi-ürəklə xidmət etmişəm. Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev, İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə ümummilli liderin, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin məsuliyyətlə icrasına sərf etməkdə görmüşəm,” Ramiz Mehdiyev qeyd edib.

XS
SM
MD
LG