Accessibility links

İsveçdə yaşayan güneyli gənc Barak Obama ilə görüşüb



ABŞ prezidenti Barak Obama ötən həftə həyata keçirdiyi İsveç səfəri zamanı İsveç cəmiyyətində anti-semitizmə qarşı fəaliyyətləri ilə tanınan gənc azərbaycanlı Siyavuş Dirəxti ilə görüşüb.

İsveçin Sydsvenskan qəzetində yayılan məlumata istinadən, Siyavuş Dirəxti Barak Obama və İsveçin baş naziri Fredrik Reinfeldtin iştirakı ilə Stokholm şəhərinin Böyük Sinaqoqunda keçirilən görüşdə İsveç toplumunda anti-semitizm və ksenofobiyaya qarşı fəaliyyətləri haqqında danışıb.

19 yaşında ikən Anti-semitizmə Qarşı Müsəlman Gəncləri birliyini yaradan 22 yaşlı azərbaycanlı antisemitizm, ksenofobiya və islamofobiyaya qarşı fəaliyyətlərinə görə 2013-cü ildə Raul Wallenberg mükafatına layiq görülüb. Onun təsis etdiyi birlik hazırda Antisemitizm və Ksenofobiyaya qarşı Gənclər adı ilə İsveçin Malmö şəhərində fəaliyyət göstərir.

Siyavuş Dirəxti güneyli siyasi fəal və Dünya Azərbaycanlıları Konqresinin (DAK) sabiq sədri Cavad Dirəxtinin oğludur.
XS
SM
MD
LG