Accessibility links

Səkinə Aştiani anasının ölümünə görə müvəqqəti olaraq həbsdən azad edilib


Səkinə Aştiani anasının ölümünə görə müvəqqəti olaraq həbsdən azad edilib
Səkinə Aştiani anasının ölümünə görə müvəqqəti olaraq həbsdən azad edilib

Səkinə xanım Məhəmmədi Aştiyani 5 il Təbrizin Mərkəzi Zindanında daşqalaq hökmü təhlükəsi qarşısında qalandan sonra ədliyyə və zindan rəsmilərinin icazəsi əsasında müvəqqəti olaraq həbsxanadan ayrıla bilib. İranın rəsmi xəbər ajansları Şərqi Azərbaycan əyalətinin ədliyyə rəyisinin sözlərinə istinadən yazıblar ki, Səkinə xanım ədliyyə və zindan məqamlarından izin alaraq, qısa bir müddət üçün evinə qayıdıb. İranın rəsmi Xəbər Ajansı İRNA Şərqi Azərbaycan Ədliyyəsinin rəyisi Malik Əjdər Şərifiyə istinadən yazır ki, Səkinə Məhəmmədi Aştiyani keçən günlərdə anasının ölümü səbəbilə ailəsi ilə bərabər olmaq və dini mərasimdə iştirak etmək üçün zindandan icazə (ruxsət) alıb.

Xəbər mənbələri ədliyyə rəsmilərinə istinadla yazırlar ki, Səkinə xanım sağ və salamatdır və digər məhbuslar kimi qanunla özünə verilmiş hüquqlardan istifadə edir. Bu xəbəri yayan mənbələr yazırlar ki, ədliyyə rəsmisi Malik Əjdər Şərifi Səkinə Aştianin hansı haqlardan faydalandığı və keçən beş ildə ona bu haqlardan istifadəyə nəyə görə imkan yaradılmadığı barədə açıqlama verməyib. İranın ədliyyə dairələrinin məlumatlarına əsasən Səkinə Aştiani 5 il əvvəl qeyri-əxlaqi əlaqə və həyat yoldaşını öldürmək ittihamları ilə həbsə salınıb və daşqalaq hökmünə məhkum edilib. Məhkəmənin xanım Əştiani barədə bu hökmü onun vəkillərinin cəhdilə dünya səviyyəsində geniş etirazlarara səbəb oldu. Bu etirazlar nəticəsində onun daşqalaq hökmü icra olunmadı. İran rəsmiləri beynəlxalq təzyiqlər qarşısında hökm və onun icrası barədə ziddiyyətli bəyanatlar veriblər. Aylarla davam edən beynəlxalq etirazlar və nüfuzlu hüquq müdafiyəçilərinin müraciətləri nəticəsində hökmün icrası dayandırılsa da bu kampaniya onun İrandakı müdafiyəçiləri üçün bahaya başa gəldi. Belə ki, Səkinə xanımın birinci vəkili özünə qarşı təzyiqlərə və həbsə salınmaq təhlükəsinə görə İranı tərk etməyə məcbur qaldı. Buna cavab olaraq İran rəsmiləri onun həyat yoldaşını saxladılar və o məhkəmə işi ilə heç bir əlaqəsi olmamasına baxmayaraq təhlükəsizlik qüvvələri tərəfindən bir müddət girov tutuldu. Bu hadisədən bir bir qədər sonra Səkinə xanımın oğlu Səccad və onun ikinci vəkili həmçinin iki almaniyalı jurnalist müsahibə zamanı saxlanıb həbsə atıldılar.

44 yaşlı Səkinə xanım Məhəmmədi Aştiyani Təbriz yaxınlığında olan Üskü şəhərindəndir.

XS
SM
MD
LG