Accessibility links

İslamçılar orta məktəblərdə hicaba qadağaya etiraz edib


İslamçılar orta məktəblərdə hicaba qadağaya etiraz edib
İslamçılar orta məktəblərdə hicaba qadağaya etiraz edib

Çoxsaylı dindar Təhsil Nazirliyinin qarşısına toplaşaraq orta məktəblərdə hicaba qadağa qoyulmasına etiraz olaraq aksiya keçirib. Polis aksiyanın qarşısını alıb. Faktla bağlı cinayət işi başlanıb.

Çoxsaylı dindar Təhsil Nazirliyinin qarşısına toplaşaraq orta məktəblərdə hicaba qadağa qoyulmasına etiraz olaraq aksiya keçirib. Polis aksiyanın qarşısını alıb, çoxsaylı etirazçı saxlanıb. Qarşıdurmada hər iki tərəfdən xəsarət alanlar var.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatına görə, təxminən sayı 150 nəfər olan radikal yönümlü dindar Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. “İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər ictimai təhlükəsizlik əleyhinə olan cinayət əməlləri törədib. Vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulub. Aksiya iştirakçıları polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərib, nəticədə ­­­­­­­­­­­­­­­26 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilib, onlardan 5-i hospitala yerləşdirilib”.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən xuliqanlıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmə maddələri ilə cinayət işi başlanıb.

Maraqlıdır ki, islamçıların etiraz aksiyasını hansı təşkilatın keçirməsi bəlli deyil. Bu yönümdə axtarışlarım da nəticəsiz qaldığından qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı.

Milli Məclis sədrinin müavini Bahar Muradova “Media forum” saytına deyib ki, Azərbaycanda hicaba qadağa yoxdur. “Azərbaycan demokratik cəmiyyətdir və vətəndaşlar istənilən məsələ ilə bağlı sərbəst fikir ifadə edə bilər: Bu fikirlər qanun çərçivəsində ifadə olunmalıdır. “Hicaba azadlıq” şüarına gəlincə, Azərbaycanda hicaba qadağa yoxdur. Heç bir qanunda, sənəddə hicaba qadağa qoyulması haqda tələbi tapıb ortaya çıxarmaq mümkün deyil. Sadəcə olaraq təhsil müəssisələrində məktəbli forması haqqında qaydalar var. Tələb də yalnız hər kəsin bu qaydaya əməl etməsi ilə bağlıdır”.
Vitse-spiker hansısa qüvvələrin hicab məsələsindən yararlanıb Azərbaycanda qarışıqlıq yaratmaq istədiyini istisna etməyib. “Azərbaycanda qarışıqlıq yaratmaq istəyən dairələr həmişə olub, bu gün də var”, - deyə o qeyd edib.

Hüquq müdafiəçisi Səidə Qocamanlı Amerikanın Səsi radiosuna bildirib ki, fikrini ifadə etmək hər bir vətəndaşın konstitusion hüququdur. “Hökumətin vəzifəsi insanları eşitmək və onların fikrilərini sivil yolla həll etməkdir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG