Accessibility links

SMDT seçkilərlə bağlı ilkin rəyini açıqlayıb


SMDT seçkilərlə bağlı ilkin rəyini açıqlayıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) fevralın 9-da Azərbaycanda keçirilmiş Milli Məclisə seçkilərin nəticələri ilə bağlı ilkin rəyini açıqlayıb.

Fevralın 10-da mətbuat konfransında SMDT rəhbəri Anar Məmmədli bildirib ki, uzun müddətdən sonra Azərbaycanda keçirilən seçkilərlə bağlı ictimayyət qarşısında çıxmağa qərar verib.

“İki ay ərzində biz ölkədə keçirilən parlament seçkilərinin müşahidəsini apardıq. Ötən müddətdə SMDT iki dəfə aralıq hesabat hazırladı, namizədlərin qeydiyyatı və təbliğat-təşviqat dövründə müşahidəçilərin və könüllü vətəndaşların bizə yönəltdiyi məlumatlarla bağlı dəyərləndirmə apardıq. Dünən isə ölkə üzrə seçki məntəqələrinin təsadüfi yolla seçilməsi ilə 150 seçki məntəqəsi müəyyənləşdi və ora öz müşahidəçilərimizi təyin etdik”.

Anar Məmmədlinin sözlərinə görə, qurumun məlumat aldığı məntəqələr üzrə ölkə səviyyəsində adı seçicilər siyahısında olmayan şəxslərin səs verməsi halları qeydə alınıb.

“Bu, ölkə üzrə demək olar ki, 48% məntəqədə baş verib. Müşahidəçilər səsvermə zamanı 35% məntəqədə gizliliyin pozulmasını qeydə alıblar. Bizə gələn məlumatlara görə, bir şəxsin bir neçə dəfə səs verməsi halları 29,6% səviyyəsindədir. Topa bülletenlərin qutuya atılması, seçicilərin qrup halında gətirilməsi, seçici siyahısı imzalamadan seçicilərin səsverməyə buraxılması müşahidə etdiyimiz əsas qanun pozuntuları sırasında idi. Səslərin sayılması zamanı istifadə olunmamış bülletenlərin ləğv edilməməsi 30,9% məntəqədə qeydə alınıb. Ən acınacaqlı vəziyyət isə seçki məntəqələrinin 53%-də səsvermənin nəticələrinin protokollarda əks olunmasıdır. Bu o deməkdir ki, səsvermənin nəticələri ilə bağlı ortaya çıxan protokol məlumatlarına ciddi şübhə var”.

Anar Məmmədli vurğulayıb ki, Mərkəzi Seçki Komissiyası seçki günü məntəqələr üzrə seçicilərin fəallığını açıqlamırdı.

“Bu da o deməkdir ki, MSK geriyə doğru addım atdı. 2018-ci ildə növbədənkənar prezident seçkiləri zamanı MSK məntəqələr üzrə seçici fəallığını açıqlayırdı və bu, bizə imkan verirdi ki, bizə daxil olan məntəqələr üzrə məlumatları MSK-nın açıqladığı məlumatlar arasında müqayisə aparaq. Dünən biz bu imkandan məhrum olduq. Bizə daxil olan məlumatlara görə, elə bölgələr var ki, seçici fəallığı MSK-nın açıqladığı rəqəmlərdən 4 dəfə azdır”.

SMDT rəhbəri qeyd edib ki, seçki günü müşahidəçilərə qarşı zorakılıq halları müşahidə olunub.

“Fiziki və ciddi psixoloji təzyiqlər var idi. Bəzi hallarda bu təzyiqlər namizədlərin nümayəndələrinə qarşı yönəlirdi, bəzi hallarda isə müşahidəçilərə qarşı. Təşkilatımızın seçki müşahidəçiliyi tarixində belə çox ciddi zorakılıq hallarını yalnız 2005-ci ildə müşahidə etmişik. Zorakılıq halları kütləvi idi. Bu, onu göstərir ki, uzun illərdən sonra Azərbaycanda seçki günü praktikasında tərəqqiyə doğru addımlar baş vermir”.

Sonda Anar Məmmədli vurğulayıb ki, ötən illər ərzində Azərbaycan seçki qanunvericiliyinin təkmilləşməsi, seçki prosesi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası, eyni zamanda Avropa Şurası və Venesiya Komissiyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələri icra olunmayıb.

“Biz təşkilat olaraq, 9 fevral 2020-ci ildə keçirilən Milli Məclisə növbədənkənar seçkiləri Azərbaycan Respublikası qanunvericiliyinin pozulması ilə keçirilən, beynəlxalq standartlara uyğun gəlməyən, konkret olaraq azad və demokratik qaydalara uyğun keçirilməyən, Azərbaycan xalqının azad iradəsini ifadə etməyən seçkilər hesab edirik”.

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG