Rusiya, Türkiyə və İran ABŞ qoşunlarının Suriyadan planlaşdırılan çıxarılmasına müsbət bir addım kimi baxırlar.
Bu barədə bəyanatı Rusiya prezidenti Vladimir Putin fevralın 14-də Soçi şəhərində İran və Türkiyə prezidentləri ilə keçirdiyi sammitdə verib.
Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani belə bir fikrə tərəfdar çıxıblar ki, ABŞ-ın Suriyanın şimal-şərqindən çıxması “bütünlükdə regionda sabitliyə xidmət edəcək və burada nəticə etibarilə legitim Suriya hökumətinin nazərəti bərpa olunacaq”.
Bununla belə, Putin əlavə edib ki, hələlik ABŞ qoşunlarının Suriyadan çıxarılacağını göstərən dəyişikliklər baş vermir.
ABŞ prezidenti Donald Tramp qoşunların Suriyadan çıxarılacağaına dair qəfil bəyanatı ötən ilin dekabrında vermişdi.
Putin Trampın vədlərindən danışaraq, vurğulayıb ki, Tramp qoşunların çıxarılmasına əmr verməklə özünün seçki kampaniyası vədlərini yerinə yetirir, hərçənd o, Putinin təbirincə, “daxili siyasi məsələlərə” görə öz vədlərini heç də həmişə yerinə yetirə bilmir.
Yaxın Şərqdəki ABŞ qoşunlarının komandanı fevralın 9-da bəyan etmişdi ki, ABŞ əsgərlərinin Suriyadan çıxarılmasına yaxın həftələrdə başlanacaq.
Ruhani birgə mətbuat konfransında deyib ki, ABŞ-ın Suriyada olması faydalı bir şey deyil.
İran prezidenti vurğulayıb ki, ABŞ özünün Yaxın Şərq siyasətinə yenidən baxmalıdır.
İndiyədək BMT-nin egidası altında Suriyaya dair keçirilən danışıqların bir neçə dövrəsi nəticəsiz başa çatıb.
Rusiya, Türkiyə və İran Suriyada yeddi ildir ki, davam edən münaqişəyə dərin müdaxilə edib. Bu ölkələr Qazaxıstanın Astana şəhərində Suriyaya dair BMT-dən ayrı sülh danışıqları keçirir.
Putin deyib ki, Astana prosesi üzrə danışıqların növbəti dövrəsi aprel ayında keçiriləcək.
Putin türkiyəli və iranlı həmkarlarını ABŞ qoşunları Suriyadan çıxarıldıqdan sonra daha sıx və daha fəal əməkdaşlığa çağırıb.