Accessibility links

Sobsan boya fabrikində yanğın zamanı kimyəvi maddələr Böyükşor gölünə axıdılıb - Bakıdakı kəskin iyinin ilkin səbəbi


Böyükşor gölü
Böyükşor gölü

İyulun 6-da axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən su nümunəsi üzərində aparılan monitorinq və analizlərin ilkin nəticələri məlum olub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev deyib.

O qeyd edib ki, nəticələrə görə nümunə yaşılımtıl rəngli və bataqlıq qoxuludur, codluluğu 1.8, xlorid ionu 15.5, ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur.

“Ümumilikdə ionlar normadan 11.6 dəfə çox qeydə alınıb.”

Göldə suyun codluluğu normadan 1.8, xlorid ionu 15.5, ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə ionlar normadan 11.6 dəfə çox qeydə alınıb.
Vasif Əliyev, nazirliyin rəsmisi

Vasif Əliyev bildirib ki, Sobsan fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur və "bununla bağlı araşdırmalarımız davam edir".

Son günlər Bakı şəhəri, Abşeron yarımadasında yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub.

İyulun 7-də həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, dünənki kəskin qoxunun səbəbi həm analizlərdən, həm də digər istiqamətlər üzrə aparılan təhlillərdən sonra müəyyənləşəcək.

“İlkin ehtimallardan biri iki gün öncə Sobsan boya fabrikində olan güclü yanğının söndürülməsi zamanı kimyəvi maddələrlə qarışan onlarla ton suyun birbaşa Böyükşor gölünə axıdılmasıdır. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə həmin məsələni araşdırırıq. Aparılan araşdırmaların və kimyəvi-bioloji analizlərin nəticəsi məlum olduqdan sonra yekun rəy ictimaiyyətə açıqlanacaq”.

Əlizadə deyib ki, boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, onun təmizlənməsi üçün tədbirlər görüləcək.

“Həmçinin burada müəyyən məsuliyyət məsələsi də ortaya çıxacaq,” o qeyd edib.

Nazirlik əməkdaşlarının açıqlaması sosial şəbəkələrdə müzakirələrə yol açıb.

İctimai fəal Emin Hüseynzadə yazıb ki, Böyükşor gölundə baş verənlər ekoloji fəlakətdir.

Bu ekoloji fəlakətdir. Koronavirus pandemiyası qədər fəlakətdir. Minlərlə adam ürək-damar, tənəffüs yolları, onkoloji xəstəliyə düçar olacağı deməkdir.
Emin Hüseynzadə, ictimai fəal

“Sobsan boya zavodunun yanğınından sonra tullantıları töküblər Böyükşora. Bakı pis qoxur. Zəhərli ion miqdarı 11-12 dəfə normadan çoxdur. Kim atıb bu zibili gölə? Əsas sual budur. Bu tərkibin normaya keçməsi üçün aylar keçməlidir. Böyük Şorda bütün canlılar məhv oldu, halbuki bir neçə il əvvəl orada balıq və quşların göründüyünü sevinə-sevinə yazırdılar. Bu ekoloji fəlakətdir. Koronavirus pandemiyası qədər fəlakətdir. Minlərlə adam ürək-damar, tənəffüs yolları, onkoloji xəstəliyə düçar olacağı deməkdir,” o, Facebook səhifəsində yazıb.

Hüseynzadə bildirir ki, Böyük Şor gölünün ekoloji təmizlənməsi və ətrafının abırlı hala salınması üçün ötən illər dövlət büdcəsindən bir neçə yüz min manat xərclənib.

Sobsan boya zavodunu dizayneri Kənan Məmmədov Hüseynzadəyə cavabında bildirir ki, hələ araşdırma aparılır.

“Yaranan qoxunun Sobsan boya fabrikində baş verən yanğından sonra yarandığını heç bir qurum təsdiq etməyib. Son günləır yayılan qoxu Sobsan boya zavodunun həyətində belə yoxdur. Gedib şahidi ola bilərsiniz. Ümumiyyətlə Binəqədi rayonu ərazisndə onlarla zavod var. Hər bir hadisəni bir zavodla bağlamaq düzgün deyil,” Məmmədov qeyd edib.

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, bu qurumun mütəxəssisləri ərazidə araşdırma aparıb.

“Məlum olub ki, 2 gün əvvəl yanğın baş vermiş Sobsan boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür. Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb. Aidiyyati qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə iy-qoxunun nədən yarandığına aydınlıq gətiriləcək,” o qeyd edib.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Böyükşor gölünün ətrafında “Azərsu” ASC-yə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.

“Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur,” o deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, hazırda Böyükşor gölü ərazisində araşdırmalar davam etdirilir.

“Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək,” mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG