Accessibility links

SOCAR-ın vitse-prezidenti blogeri məhkəməyə verib


İyunun 21-də Ağsu Rayon Məhkəməsində (Bakıdan 153 kilometr qərb) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Mikayıl İsmayılovun bloger Elşən Əlisoya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrilə verdiyi şikayət üzrə hazırlıq iclası keçirilib. Məhkəmə iddianı icraata qəbul edib və Elşən Əlisoyu təqsirləndirilən şəxs qismində tanıyıb.

Məhkəmə baxışı iyunun 25-nə təyin olunub.

Bloger Elşən Əlisoy Amerikanın Səsinə müsahibəsində deyib ki, Mikayıl İsmayılov barəsində bu il mayın 18-də azadsoz.com internet saytında yayımlanan “Azərbaycanın yeni “Kəmaləddin”i Mikayıl İsmayılovun qaranlıq imperiyası” başlıqlı yazını "Facebook" şəbəkəsindəki səhifəsində paylaşıb və şərh hissəsində "Bu qədər sərvəti neynir bunlar, İlahi... Mikayıl İsmayılov SOCAR-ın 12 vitse-prezidentindən biridir. Mən buna acgözlük və vəhşilik deyirəm" sözlərini yazıb.

“Bu şərhdən sonra Mikayıl İsmayılov mənim cinayət məsuliyyətinə cəlb edilməmlə bağlı iddia qaldırdı. O, həmçinin mülki iddia da qaldıraraq 100 000 manat miqdarında mənəvi zərər ödəməyimi tələb edir,” o qeyd edib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, iyunun 21-də iddia üzrə hazırlıq iclası keçirilib.

“Hazırlıq iclasında Mikayıl İsmayılovun nümayəndələri məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət verdi. Mən bu vəsatətə etiraz etdim. Çünki qapalı məhkəmə iclasları üçün əsaslar var, bu məhkəmə predmeti bunların heç birinə aid deyil deyə məhkəmə prosesi qapalı keçirilə bilməz. Çünki, nə dövlət sirri, nə hərbi sirr, nə ailə sirri, nə də kommersiya sirri bu iddianın predmeti deyil,” o qeyd edib.

Buna baxmayaraq, hakim Anar Əsgərov Mikayıl İsmayılovun nümayəndələrinin vəsatətini təmin edərək məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı qərar verib.

Vəkil hesab edir ki, məhkləmənin iddianı icraata götürəsi də qanuna ziddir.

“Çünki “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun 60-cı maddəsinə görə başqa KİV-də dərc edilən yazını təkrar yayan şəxs hüquqi məsuliyyət daşımır. Mikayıl İsmayılov barəsində olan yazı “azadsöz.com” saytında dərc edilib və həmin yazını Elşən Əlisoy facebook səhifəsində paylaşıb. O, sadəcə yazıya münasibət bildirib.

Yazıda milyonlarla dövlət əmlakının mənimsdənilməsindən söhbət gedir. Dövlət məmurunun bu qədər mülkiyyətə malik olmasını “arzuolunmaz” və “vəhşilik” hesab edib. Qanunvericiliyə zidd olmasına baxmayaraq, hakim iddianı icraata qəbul etdi,” vəkil qeyd edib.

XS
SM
MD
LG