Accessibility links

SOCAR neftlə bağlı hansı proqnozları nəzərə alır?


Dünya bazarında neftin qiyməti artmaqdaa davam edir. Həm "Brent" markalı, həm də Azərbaycan neftinin bir barelə görə qiyməti 70 dolları keçib və qiymətin artmaqda davam edəcəyi proqnozlaşdırılır.

"Bank of America Corporation" transmilli investisiya bankı qlobal səyahətlərə tələbin artması fonunda 2022-ci ildə neftin 1 barelinin qiymətinin 100 dollara çatacağını mümkün sayır. Bankın hesabatında bildirilir ki, COVID-19 pandemiyasından sonra gözlənilən iqtisadi bərpa yanacaq sərfiyyatını artıracağına, yeni istehsala yatırılan sərmayələrinsə ətraf mühit problemləri ilə əlaqadar azalacağına görə, qlobal neft istehlakı 2022-ci ildə də tədarükü üstələməyə davam edəcək.

Bu proqnozlar özünü doğruldacaqmı? Neft qiymətlərinin artması Azərbaycana nə vəd edir? Neft qiymətlərin artması ilə paralel qeyri-neft sektoru inkişaf edəcəkmi? SOCAR neftin qiymətinin yüksək həddə qalxacağına inanmır.

SOCAR-dan bildirirlər ki, yaxın vaxtlarda neft qiymətlərinin yüksək həddə qalxması gözlənilmir.

"Bu da onunla əlaqəlidir ki, dünyanın ən böyük neft tələbatçısı olan Amerika Birləşmiş Ştatlarının indiki höküməti daha çox "yaşıl enerji" və bərpa olunan enerjini təşviq edir. Həm də inkişaf etmiş ölkələr, indi isə həm də Asiya ölkələri tədricən bərpa olunmayan enerji mənbələrindən imtina etməyə başlayıblar".

Qurumdan deyirlər ki, bu da neft sənayesinə qoyulan sərmayələrin azalacağı deməkdir.

"Bu, həmçinin o deməkdir ki, neft və qaz kimi bərpa olunmayan enerji daşıyıcılardan tədricən daha az istifadə olunacaq. Azərbaycan da bu proqnozları nəzərə alır".

“Dünya iqtisadiyyatının bərpası sürətləndikcə…”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində hesab edirlər ki, neftin qiymətinin son iki ildə ən yüksək həddə çataraq 70 dolları ötməsi Azərbaycanın gəlirlərini artırır.

"Ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb. Bu əsasda ortamüddətli dövr üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 40 dollara bərabər götürülüb. Hazırkı qiymət proqnozdan iki dəfəyə yaxın yüksəkdir ki, bu da dövlət büdcəsinin, Dövlət Neft Fondu və SOCAR-ın gəlirlərini artırır" - Mərkəzdən “Turan”-a belə deyiblər.

Qurumdan bildirilir ki, dünya iqtisadiyyatının bərpası sürətləndikcə enerji daşıyıcılarına tələb artır, bu da əsas ixrac məhsulu olan neftin qiymətinə müsbət təsir göstərir.

İqtisadçı: “Netin qiyməti artdıqca hökumət tənbəlləşir”

ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, bugünkü neft qiymətlərinin artmasının həm obyektiv, həm də subyektiv səbəbləri var.

"Dünyada pandemiyadan sonra müəyyən açılmalar, vaksinləşmənin sürətlənməsi iqtisadi canlanma üçün gözlənti formalaşdırır. Bu gözlənti fonunda da neft qiymətlərinin dinamikasında müsbət tendensiya müşahidə olunur".

Amma onun fikrincə, qiymətlərə daha çox subyektiv amillər təsir göstərir:

"OPEC+ anlaşması ötən ilin martında imzalanıb və bu anlaşmaya görə süni şəkildə hasilatın azaldılması yolu ilə qiymətin artırılması ortaya çıxdı. Bu qərar istər-istəməz bazarda tənzimləyici rol oynamağa başladı və qiymətləri 40 dollara yüksəltdi".

İqtisadçı deyir ki, artıq OPEC+ ölkələrinin hasilatın bu qədər kəskin azaltmayacaqları və hasilatın artırılması ilə bağlı qərar verəcəkləri gözlənilsə də, fərqli addımlar atıldı.

“Nəticə etibarilə də neft qiymətlərinin yüksəlməsi digər sahələrdə atılacaq addımları ləngidir”

2015-ci ildə dünya bazarında neftin qiymətinin düşməsi nəticəsində manat iki dəfə devalvasiyaya məruz qaldı. O zaman hökumət qeyri-neft sektorunun inkişafı ilə bağlı proqramlar qəbul etdi, bu sahəyə investisiya qoymağa və ya cəlb etməyə çalışdı. Amma mütəxəssislərə görə, az sonra neftin qiymətinin nisbətən artması ilə hökumət bu sahəyə diqqətini azaltdı, görülən işlər davamlı olmadı.

XS
SM
MD
LG