Accessibility links

Əl-Şəbabın hücum etdiyi mehmanxanada azı 15 nəfər ölüb


Bazar günü Somalidə sahildəki mehmanxanaya edilən silahlı hücum və bir neçə saat davam edən atışma zamanı ölənlərin sayı azı 15 nəfərə çatıb. Əl-Şəbab silahlı qrupu hücumun məsuliyyətini öz üzərinə götürüb.

Rəsmilər və şahidlərin Amerikanın Səsinin Somali şöbəsinə bildirdiyinə görə, yerli vaxtla saat 18 radələrində Moqadişunun populyar Lido çimərliyindəki Elit mehmanxanasının qarşısında avtomobilə yerləşdirilmiş bomba partlayıb və ondan dərhal sonra dörd silahlı şəxs mehmanxanaya hücum edib.

Hücum başladıqdan dərhal sonra hadisə yerinə gələn təhlükəsizlik qüvvələri nəzarəti ələ alıb və hücumçuları mehmanxanadan çıxarmağa çalışıb.

İnformasiya Nazirliyinin sözçüsü İsmayıl Muxtar mehmanxanaya hücum edən dörd nəfərin dördünün də öldürüldüyünü bildirib.

Təhlükəsizlik qüvvələri mehmanxananın sahibi, millət vəkili və keçmiş nazir Abdulla Məhəmməd Nur da daxil olmaqla, 200-dən çox insanı xilas edib. Hücum zamanı azı 18 nəfər yaralanıb.

Somali Jurnalistlər Birliyinin rəhbəri Məhəmməd İbrahim Muəllimu partlayış baş verən zaman Elit mehmanxanasının qarşısında olan şahidlər arasında olub.

Amerikanın Səsinin Somali şöbəsinə verdiyi açıqlamasında Muəllimu mehmanxanaya partlayışdan 15 dəqiqə əvvəl, dövlətin nəzarətindəki radio-stansiyada işləyən dostu Əbdirəzak Əbdi Abdullahi ilə birlikdə gəldiyini, dostu Abdullahinın silahlılar tərəfindən öldürüldüyünü deyib.

Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbab silahlı qrupu Somalidə mülki və hökumət obyektlərini hədəf alan hücumlar həyata keçirir. Somali hökuməti və Afrika Birliyi qüvvələrinin səyləri nəticəsində Əl-Şəbab demək olar ki, bütün şəhərlərdə nəzarəti itirsə də, lakin hələ də kənd ərazilərinin böyük hissəsinə nəzarət edir.

XS
SM
MD
LG