Somalinin səhiyyə orqanları pandemiya zamanı COVID-19-a yoluxmaqdan qorxduqları üçün klinikalara və xəstəxanalara müayinə və uşaqlarına peyvənd üçün gələn insanların sayının azaldığını deyir. Səhiyyə işçiləri hamilə qadınlar və uşaqlara müayinələrin olmamasının COVID-19-dan daha çox başqa xəstəliklər dalğası ilə nəticələnə biləcəyindən narahatdır.
Quraqlıq səbəbindən üç il əvvəl evini tərk etməli olan Əminə Mustaf ailəsi ilə birlikdə Mogadişunun yardım düşərgəsində yaşayır. Üç həftəlik körpəsinin peyvəndə ehtiyac var idi, lakin o, COVID-19-a yoluxmaqdan qorxduğu üçün klinikaya getmək istəmirdi. Əminə bu qorxunun düşərgədəki bütün analarda olduğunu deyir.
“Bütün dünya boyu yayılan COVID-19 səbəbindən heç bir müəssisəsinə gedə bilmədim. Özümün və övladımın sağlamlığından qorxuram. Biz klinikada virusa yoluxmaqdan qorxuruq. Övladıma və mənə doğuşdan əvvəl və doğuşdan sonrakı peyvəndlər edilməyib, hamısı da COVID-19-a görə."
Somalinin səhiyyə işçiləri pandemiya zamanı uşaqlara peyvəndlərin və klinikalara müraciətlərin kəskin şəkildə azalmasından narahatdırlar. Sadiyə Əhməd kimi könüllülər qapı-qapı gəzərək, ailələri uşaqlarını peyvənd etməyə çağırırlar. Ancaq bu asan məsələ deyil.
“İstər hamilə, istərsə də süd verən analar peyvənd üçün səhiyyə müəssisəsinə gəlməyə hazır olmadıqlarını deyirlər. Çoxu COVID-19-a yoluxmaqdan qorxur" - deyə, Sadiyə Əhməd bildirir.
Beynəlxalq Qırmizi Xaç Komitəsi tədbirlər görülməzsə Somalinin yoluxucu tənəffüs yolları xəstəlikləri, qızılca və qida çatışmazlığı kimi problemlərlə üzləşə biləcəyini bildirir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi beş yaşadək uşaqlar və hamilə qadınların Somali Qızıl Aypara klinikalarına ziyarətlərinin 2019-cu illə müqayisədə bu ilin ilk yeddi ayında yarıdan çox azaldığını deyir.
“COVID-19 ölkəyə çox pis təsir etdi. Virusdan qorxan analar uşaqlarını peyvənd üçün sağlamlıq mərkəzlərinə gıtirmıkdın qorxur. Peyvəndlərin edilməməsi getdikcə daha çox uşağın yoluxucu xəstəliklərə tutulması ilə nəticələnəcək” - deyə, komitədən Əhməd Nur bildirir.
Somalinin Səhiyyə Nazirliyi bunun böyük bir problem olduğunu bilir. “Peyvəndlərin sayının kəskin şəkildə azalmasına səbəbin Covid-19-un olduğunu başa düşürük. Buna baxmayaraq, Somalinin Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərin qarşısını almaq və uşaq ölümlərinin sayını azaltmaq üçün peyvənd edilmənin yeni yollarını araşdırır”, Əbdirizaq Yusuf bildirib.
Beynəlxalq Qırmızı Xaç Komitəsi son aylar Moqadişu ətrafında baş verən daşqınların da suda yayılan xəstəliklərin riskini artırdığı barədə xəbərdarlıq edir.
Daşqınlar pandemiya ilə üzləşən Somalinin səhiyyə sistemini daha artıq təzyiq qarşısında qoyur və Əminə Mustaf kimi anaların narahatlığını artırır.