Çərşənbə günü militantlar Somalinin paytaxtında yerləşən otelə hücum edərək orada maşına bomba partladıblar. Hadisə nəticəsində azı 10 nəfər ölüb, çox sayda insan yaralanıb.
Hücum Moqadişuda Somali parlamenti və hökümət evinin yanında yerləşən Dayah otelində baş verib.
Şəhərdəki otellərdə buna bənzər hücumlar həyata keçirən Əl-Şəbəb qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Oteldə böyük yük maşınına yerləşdirilmiş bombanın partlamasından 40 dəqiqə sonra onun qarşısında ikinci partlayış baş verib. Şahidlər Amerikanın Səsinə bildirib ki, əraziyə militantları gətirən maşının uzaqdan idarə olunan cihazla partladıldığı ehtimal edilir.
Rəsmilər və təcili yardım işçiləri ölənlərin sayının artacağını gözlədiklərini deyirlər.
Somali Jurnalistlər Milli İttifaqının baş katibi Məhəmməd İbrahim Moalimunun sözlərinə görə, ikinci partlayış nəticəsində yaralananlar arasında azı yeddi jurnalist var.