Accessibility links

Son 24 saatda İtaliyada virusa yoluxanların sayı 50% artıb - Ölənlərin sayı 52-yə çatıb


İtaliya hökuməti koronavirus infeksiyalarında kəskin sıçrayışın qarşısını almaq üçün tibbi-profilaktik tədbirlərin sayını artırıb. Son 24 saatda İtaliyada virusa yoluxanların sayı 50% artıb. Bu, virusun ölkədə ortaya çıxmasından bəri ən böyük artımdır.

İtaliyanın Mülki Müdafiə Təşkilatı bildirib ki, ölkədə virusun ən çox yayıldığı Lombardiya və Veneton bölgələrinin karantinə alınmasına baxmayaraq, yoluxanların sayı 1128-dən 1694-ə yüksəlib.

Rəsmilərin dediyinə görə, COVID-19 virusuna yoluxan daha 5 nəfər ölüb. Bununla da İtaliyada virusdan ölənlərin sayı 52 nəfərə çatıb. 83 nəfər tam sağalıb, 140 nəfərin vəziyyəti ağırdır.

Baş nazir Cüzeppe Konte bazar günü bildirib ki, ölkə üç hissəyə bölünəcək. Lombardiya və Veneto bölgəsindəki bağlanan şəhərləri əhatə edən şimali İtaliya qırmızı, Lombardiyanın qalan hissəsini əhatə edən bölgə sarı zona adlanacaq. Veneto həmçinin, Emilia Romanya bölgəsi və Adriatik sahilindəki iki əyalət də sarı zonaya daxil olacaq.

Sarı zonada bütün idman tədbirləri və yarışlar dayandırılmalı və kinoteatrlar, teatrlar və diskotekalar bağlanmalıdır. Kilsələr və digər ibadət yerlərinin fəaliyyət göstərməsinə icazə veriləcək, lakin ziyarətçilərin sayını minimuma endirmək tələb olunacaq. Məktəblər bağlı qalacaq. Barlar və restoranların işini davam etdirməsinə icazə veriləcək, lakin müştərilər bir-birindən ən azı bir metr məsafədə yerləşdirilmiş masalarla oturmalıdırlar.

Hökumətin bazar günü verdiyi fərmanın şərtlərinə əsasən, bəzi əyalətlərdəki böyük ticarət mərkəzləri həftə sonları bağlanmalıdır. Bütün təhsil səfərləri martın 15-dək dayandırılmalıdır.

Ölkənin qalan hissəsində hökumətin diqqət mərkəzində profilaktik tədbirlərin gücləndirilməsi dayanır. Bütün ictimai binalarda əl-təmizləyici vasitələr olmalıdır. Şəhər bələdiyyə başçıları iş yerlərində gigiyena ilə bağlı məlumatları təbliğ etməlidir.

XS
SM
MD
LG