“2014-cü ilin sentyabrından indiyədək ölkəyə 1 211 şəxs readmissiya edilib. 2019-cu ildə Azərbaycana 239 şəxs readmissiya olunub.”
Bu barədə iyulun 18-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 6 ayın yekunları ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, readmissiya əsasən Avropa ölkələrindən olub.
“Bu şəxslər xarici ölkələrdə yaşamaq üçün müraciət ediblər, nəticə əldə edə bilməyiblər,” o qeyd edib.
Komitə sədri ölkədəki qanunsuz miqranlardan danışarkən deyib ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant yerləşdirilib.
“Bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşlarıdır.”
Onun sözlərinə görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilənlərin sayında 30 faiz azalma müşahidə olunur.
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci yarısında ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunub.”
Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib ki, 2019-ci ildə il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul olunub.
O qeyd edib ki, Azərbaycanda daimi yaşamaq üçün 1 694 nəfərə icazə verilib.
"Onlardan 347 nəfəri Gürcüstan, 225 nəfəri Rusiya, 95 nəfəri Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşlarıdır” , Hüseynov qeyd edib.