Accessibility links

Son durum: Xankəndində dinc həyat, Kəlbəcərin təhvili, Fransa Senatının qətnaməsi və İranın münasibəti


Noyabrın 25-dən başlayaraq Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Rusiya və Azərbaycan Prezidentlərinin, Ermənistan Baş nazirinin üçtərəfli bəyanatına uyğun olaraq Kəlbəcər rayonunun Azərbaycana tərəfinə verilməsinə başlanılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi bildirir ki, Rusiya sülhməramlıları Kəlbəcər rayonunun təhvil verilməsi zamanı üçtərəfli razılaşmanın icrasına nəzarəti təmin edir.

Rusiya sülhməramlı kontingentinin hərbçiləri həmçinin Kəlbəcər bölgəsindən əhalinin köçürülməsi zamanı üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirir, mülki əhalinin təhlükəsizliyini və bölgənin mütəşəkkil köçürülməsini təmin edir.

Rusiya Müdafiə Nazirliyinin digər məlumatında deyilir ki, noyabrın 26-da Dağlıq Qarabağın paytaxtı Stepanakertdə (Xankəndi) İdarələrarası Humanitar İdarəetmə Mərkəzinin köməyi ilə dinc həyat bərpa olunur.

“Şəhər ictimai nəqliyyatı, yol hərəkəti, elektrik və su təchizatı bərpa edilib. Mülki insanların evlərinə qayıtması davam edir. Rusiya sülhməramlı kontingentinin mühəndis-texniki bölmələri Stepanakert (Xankəndi) şəhərindəki ümumi yolların təmizlənməsində və sosial infrastruktur obyektlərinin bərpasında yerli rəhbərliyə kömək edir.”

Müdafiə Nazirliyi bildirir ki, Rusiya sülhməramlıları qaçqınların təhlükəsiz qayıtmasını və Dağlıq Qarabağdakı atəşkəs rejimini təmin edir.

“Qaçqınların və mülki şəxslərin evlərinə qayıtması üçün İdarələrarası Humanitar İdarəetmə Mərkəzinin rəhbərliyi və nəzarəti alıtnda təmas xətti boyunca hərəkətin təhlükəsizliyi təmin olunur,” məlumatda qeyd edilir.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərini azad etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılaşmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam və Kəlbəcər rayonları Azərbaycana qaytarılıb.

Dağlıq Qarabağ problemi ilə bağlı siyasi səhnədə də fəaliyyətlər davam etdirilir. Bu sahədə Fransa Senatının noyabrın 25-də Dağlıq Qarabağın tanınması barədə qərarı Azərbaycanda geniş tənqidlərə yol açıb.

Məruzəçi senator Bruno Retayon qeyd edib ki, “Dağlıq Qarabağda baş verənlər fransızlara da aiddir, çünki Türkiyə buna qarışır”.

Ərdoğan “ekspansionist, neo-Osmanlı və islamçı siyasət yürüdür”, bu, Fransanın maraqlarına zidd olan dünya təhlükəsizliyi üçün bir təhdiddir.

Sənəddə sentyabrın 27-də başlanan hərbi əməliyyatlardan sonra “Azərbaycan Silahlı Qüvvələrinin və onların dəstəkləyici birləşmələrinin işğal olunmuş ərazilərdən” dərhal geri çəkilməsi tələb olunur.

Fransa hökumətindən "Qarabağ əhalisi"nə geniş miqyaslı dəstək verilməsi, habelə Dağlıq Qarabağda mülki əhaliyə qarşı “müharibə cinayətlərinin araşdırılması” üçün beynəlxalq komissiya təşəbbüsü tələb olunur.

Bu arada Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

O qeyd edib ki, əgər rəsmi Paris Dağlıq Qarabağdakı rejimi tanısa belə, bu, heç kimə xeyir gətirməyəcək.

"Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri (ATƏT - red), nə də Avropa üçün faydalı olardı", o deyib.

Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

"Hökumətin (Fransa - red) məsuliyyəti sual verməkdən ibarətdir: belə bir jest faydalı və təsirli olardımı?" o əlavə edib.

Dövlət katibi vurğulayıb ki, bu addım heç bir fayda verməyəcək.

Qətnamə Ermənistan rəhbərliyi tərəfindən alqışlarla qarşılanıb. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Senat tərəfindən qəbul edilən qətnamə, Qarabağın öz müqəddəratını təyinetmə hüququnun tanınması və Qarabağ probleminin ədalətli həlli üçün son dərəcə vacib bir addımdır.

“Bu qətnamə ilə Fransız xalqını təmsil edən Fransa Senatı təməl insan haqlarına bağlılığını bir daha sübut edir. Sənəddə ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsinin zəruriliyi qeyd olunur və eyni zamanda Azərbaycanın, Türkiyənin və muzdluların dəstəyi ilə başlatdığı Qarabağdakı təcavüzün nəticələrini aradan qaldırmaq yolları göstərilir. Azərbaycanın silahlı qüvvələri tərəfindən insan haqlarının pozulması, eləcə də Türkiyənin ekspansionist siyasəti barədə açıq şəkildə bildirilir. Qarabağdakı danışıqlar prosesinə qarşı yönəlmiş cinayət təcavüzünün qərəzsiz qiymətləndirilməsi bölgədə uzunmüddətli sülhün bərqərar olmasına yol açır," Ermənistan Xarici İşlər Nazirliyi qeyd edir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil.

“Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur".

Senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür: "Vasitəçi ölkənin bitərəf və ədalətli olmalı olduğunu unudan Fransanın açıq ermənipərəst mövqeyi münaqişənin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə mane olan əsas amillərdən biri olmuşdur. Məhz onun belə dəstəyi təcavüzkar Ermənistanı status-kvonu davam etdirməyə və işğal faktını gücləndirməyə həvəsləndirmişdir.”

Hacıyev deyib ki, qətnamənin mətnində “Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittiham və böhtanları qəti şəkildə rədd edir, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərini təhrif etmək cəhdlərini kəskin qınayır.

“Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış iddialar əsassızdır. Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər aidiyyəti qurumlarımız tərəfindən Fransanın diqqətinə çatdırılmışdır," Hacıyev qeyd edib.

Prezidentin köməkçisinin firkrincə, ermənipərəst Fransa siyasi dairələri anlamalıdır ki, Azərbaycan öz torpaqlarında xarici işğalçı hərbi qüvvələrə qarşı müharibə aparmışdır və həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqda tanınan suveren əraziləridir.

"Heç bir qüvvə Azərbaycanı buna görə ittiham edə və Azərbaycanın hərbi birləşmələrinin bu ərazilərdən çıxarılmasını tələb edə bilməz," o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir ki, Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər.

“Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər. Vurğulamaq istərdik ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir,” nazirliyin bəyanatında qeyd edilir.

Noyabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında videokonfrans formatında keçirilən görüş zamanı da Azərbaycan Ordusunun hərbi əməliyyatlarından sonra regionda yaranmış durum ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Bayramov “Azərbaycan tarixinin xüsusi dövründə ölkəsinin ərazi bütövlüyünə, suverenliyinə verdiyi dəstəyə və səsləndirilən bəyanatlara görə İran tərəfinə təşəkkürünü ifadə edib.”

Ceyhun Bayramov Azərbaycan-İran sərhədinin tam bərpa edildiyini və “Azərbaycanın ərazilərinin işğaldan azad olunmasının qonşu və dost İran ilə daha da geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaratdığını” bildirib.

İran xarici işləri naziri Məhəmməd Cavad Zərif “işğal altında olan ərazilərin azad edilməsi, eləcə də Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olması münasibəti ilə öz təbriklərini çatdırıb.”

Nazir münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.

Görüşdə nazirlər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Araz çayı üzərində bir sıra birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatda deyilir ki, Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul etdiyi qətnamə beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır.

“Qətnamədə Türkiyəyə dair qeyd olunan əsassız iddiaları isə tamamilə rədd edirik. Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günə kimi məsələyə niyə həll yolu tapmadığının, necə tərəf tutduğunun açıq nümunəsidir. Ermənistanın daha əvvəl Tovuzda, sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə və təxribatlarına Azərbaycan lazımi cavabı verib və təxminən 30 ildir işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın döyüş meydanında əldə etdiyini nəticə BMT qətnamələrinə söykənir. BMT-nin müvafiq qətnamələri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edir. Vəziyyət belə olduğu halda Fransa Senatının Azərbaycana işğaldan azad etdiyi öz torpaqlarından çəkilməsi çağırışını etməsi ciddiyə alınmayacaq dərəcədə gülünc, tərəfkeş və həqiqətlərdən uzaq bir anlayışın təzahürüdür. Bu qərar Fransanın münaqişənin həllinə həqiqi mənada töhfə vermək imkanını da məhdudlaşdırır,” deyə qeyd olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG