Accessibility links

Son gündə karantin rejimini pozan 5062 şəxs cərimələnib


Koronovirus

Ötən gün xüsusi karantin rejimini pozduqlarına görə 9 nəfər inzibati qaydada həbs edilib, 5062 nəfər inzibati cərimə olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, aprelin 3-dən 4-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 11, o cümlədən Bakı şəhərində 3 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 5062 nəfərə, onlardan Bakı şəhəri üzrə 3718 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 9 şəxs isə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bildirir ki, son gündə Bakı-Quba yolundan 126, Bakı-Şamaxı-Yevlax yolundan 58, Bakı-Qazax-Gürcüstan yolundan 108, Sumqayıt şəhəri ərazisində yerləşən keçid postundan 180 və Abşeron rayonu ərazisində yerləşən keçid postundan 750 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi ərazilərdən keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 2189 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Ümumilikdə martın 19-dan bu günədək 18.775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Aprelin 5-dən 20-dək Azərbaycanda hərəkətə məhdudiyyət qoyulacaq.

Daxili İşlər Nazirliyi bildirir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında, habelə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə konkret müddətə icazə alındıqda yol verilir.

“İcaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər. Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və bu, hüquqi məsuliyyət yaradır.”

Məlumatda deyilir ki, xüsusi karantin rejimində küçəyə çıxan şəxslərin əlcək geyinməməsinə və maska taxmamasına görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb.

Milli Məclis martın 17-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) dəyişiklik edərək daha ağır məsuliyyət müəyyən edib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Minimum cərimə məbləği ilə (100 manat) hesablanma aparılarsa bir gün ərzində insanlar azı 506.200 manat məbləğində cərimə edilib.

XS
SM
MD
LG